Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1971/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Salyan rayon, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində, Abşeron rayonu ərazisində yerləşən Xırdalan dairəsində qayda pozduğuna görə DİN-in BDYPİ-in YPXA-in 03-cü tağımının YPXİ-in əməkdaşı tərəfindən saxlanılmasına etiraz edərək, ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, DİN-in BDYPİ-in YPXA-in 03-cü tağımının YPXİ-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində, Xırdalan dairəsində nasaz olduğuna görə avtomobilini saxlamışdır. Həmin vaxt ona yaxınlaşan polis əməkdaşı tərəfindən idarə etdiyi avtomobillə cərimə tətbiq edilməsinə etiraz edərək, maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Polis əməkdaşının onun dediklərə məhəl qoymamasına əsəbilərini cilovlaya bilmədiyindən polis əməkdaşı ilə mübahisə etmişdir. Mübahisə zamanı polis əməkdaşına əl-qol atmamışdır. Sadəcə yanındakı yoldaşına mobil telefonla polis əməkdaşını çəkməsini demişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Xırdalan dairəsində dayanarkən yolun hərəkət hissəsində qırmızı rəngli avtomobilin sürücüsünün polis əməkdaşı ilə mübahisə etdiyini, polis əməkdaşının sənədlərini təqdim etməsini tələb etməsinə sürücü etiraz edərək daha da aqressivləşərək ilk öncə ucadan səs-küy salmağa daha sonra ucadan nalayiq ifadələr işlətməyə başladığını, sürücünü nizam-intizama dəvət edərək, səs tonunun aşağı salamasını, sakitləşməsini tələb edən polis əməkdaşının əli ilə sinəsindən itələdiyini, daha sonra polis əməkdaşına əl-qol atmağa başladığını görmüşdür. Həmçinin sürücünün yanındakı şəxs sürücünün göstərişinə görə mobil telefon vasitəsi ilə polis əməkdaşını çəkməyə başlamışdır. Daha sonra oraya yaxınlaşan polis əməkdaşlarının köməkliyi ilə sürücünü post patrul avtomobilinə əyləşdirmişlər. Məhkəmə iclasında müdafiəçi Abşeron rayonVəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:15-da inzibati qaydada tutulmuşdur. Video görüntüdən görünür ki, VAZ-2106 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün DİN-in BDYPİ-in YPXA-in 03-cü tağımının YPXİ-in əməkdaşı ilə mübahisə etməsi, polis əməkdaşının sənədlərini təqdim etməsini tələb etməsinə sürücü etiraz edərək ucadan səs-küy salmağa daha sonra ucadan nalayiq ifadələr işlətməsi, sürücünü nizam-intizama dəvət edərək, səs tonunun aşağı salamasını, sakitləşməsini tələb edən polis əməkdaşının əli ilə sinəsindən itələməsi, daha sonra polis əməkdaşına əlqol atması öz əksini tapır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində, Abşeron rayonu ərazisində yerləşən Xırdalan dairəsində qayda pozduğuna görə DİN-in BDYPİ-in YPXA-in 03-cü tağımının YPXİ-in əməkdaşı tərəfindən saxlanılmasına etiraz edərək, ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında şahid X1 verdiyi izahatla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxsin izahatları işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Həmçinin DİN-in BDYPİ-in YPXAin 03-cü tağımının YPXİ-in əməkdaşı tərəfindən təqdim edilmiş videogörüntüdə öz əksini tapır. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1971/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1971/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver