Məhkəmə qərarları › İş №3(012)-1974/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1974/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1974/2024 02.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta barədə protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Abşeron rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu,Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı rayonu,Boradigah kəndində qeydiyyatda olan və Bakı şəhəri,Binəqədi rayonu, Azadlıq pr.-də yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta barədə protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, təhqiredici və nəlayiq ifadələr işlətməklə, əməkdaşların iş rejiminə maneçilik yaratmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir.Qeyd edir ki, səs yazısı yoxdur. Lakin Şəxs həmin əməli törətmişdir. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nazənin Məmmədova məhkəmə iclasında bildirmişdir ki, evindən olan oğurluq hadisəsi ilə bağlı şikayət etmək üçün DİN-nin “102” Xidmətinə zəng etmiş, lakin şikayətinə düzgün baxılmadığından tənqidi xarakterli ifadələr işlətmişdir. Kimsənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Elşən Məmmədbəyli hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, belə ki, bunu təsdiq edəcək müvafiq sübut təqdim edilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, nəlayiq ifadələr işlətməklə, əməkdaşların iş rejiminə maneçilik yaratmış və bununla da xırda xuliqanlıq əməlini törətmişdir.. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də təqsirliliyi sübuta yetirilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəyə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata,həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunduğunu, sonuncunun ictimai qaydanı pozmasının nədə ifadə olunmasının göstərilmədiyini və raportda göstərilən halları təsdiq edən heç bir sübutun iş materiallarına əlavə edilməməsi inzibati xəta haqqında material üzrə icraata xitam verilməsi üçün əsas olduğunu hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar