Məhkəmə qərarları › İş №3(012)-198/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-198/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-198/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 6-cı küçə, 5ci döngə, ev 45 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi daxil olmuş 15 yanvar 2025-ci il tarixli MN ******* saylı, MN ******* və Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 15 yanvar 2025-ci ildə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Abşeron Rayon Polis İdarəsindən və Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati işlərin icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. 15 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokolu tərtib edən şəxs məhkəmə iclasına gəlməmişdir məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt-Bakı şossesində yerləşən DİN-nin BDYPİ-nin X9 Patrul Xidmətinin inzibati binasında yol patrul xidməti əməkdaşları ilə ucadan danışıb səs-küy salmaqla “xırda xuliqanlıq” inzibati xətasını törətmişdir. Həmçinin həmin müddət ərzində Baş Dövlət Yol Polis İdarəsinin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə avtomobili idarə edən zaman polis əməkdaşları onu saxlamışdır. Polisin tələbinə əməl edərək avtomobili saxlamış və onlarla birlikdə avtomobili X4 arxasında saxlayaraq postun inzibati binasına daxil olmuşdurlar. Daha sonra polis əməkdaşları ona “hallı” olduğu yəni spirtli içki və ya narkotik maddənin təsiri altında olduğunu söyləmişdirlər. O isə ümumiyyətlə narkotik vasitə aludəçisi olmadığını, spirtli içkini isə sonuncu dəfə bir həftə əvvəl içdiyini bildirmişdir. Daha sonra qeyd olunan xüsusatla bağlı üzərində müayinə aparılmış və avtomobili ayıq vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Baş vermiş hadisə ilə bağlı atasına məlumat vermiş və atası onların yanına gəldikdən sonra polis əməkdaşlarının onun barəsində dediyi fikirlərlə razılaşmamış və onlarla mübahisə etmişdir. Həmin müddət ərzində o atasını sakitləşdirməyə çalışmış, polis əməkdaşlarına heç bir müqavimət göstərmiş və yaxud onların ünvanına nalayiq ifadələr işlətməmişdir. Barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati xətanı törətdiyini etiraf edərək əməlindən səmimi peşman olduğunu, ümumiyyətlə yol hərəkəti qaydalarına hər zaman tabe olduğunu, həmin gün tələsdiyi üçün əməli törətdiyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BDYPİ-nin X4 inzibatçısı, polis baş leytenantı X6 izahatında göstərdi ki, 15 yanvar 2025-ci il tarixdə Şəxs yol hərəkəti qaydaları pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır, daha sonra Şəxs Postun inzibati binasına dəvət edilmişdir. Bu zaman o normal qaydada danışaraq heç bir tabesizlik göstərməmişdir. Lakin atası gəldikdən sonra o, polis əməkdaşları ilə yüksək səslə danışaraq səs-küy salmış və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə müdafiəçi Mahir Tağıyev hüquqlarını müdafiə etdiyi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə əməlində inzibati xəta tərkibinin olmadığını bildirmiş və həmçinin sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini səmimi peşmançılıqla etiraf etdiyini bildirərək onun barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş hər iki protokol üzrə inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi üzrə protokol üzrə isə onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 12:10-dan məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt-Bakı şossesində yerləşən DİN-nin BDYPİ-nin X9 Patrul Xidmətinin inzibati binasında yol patrul xidməti əməkdaşları ilə ucadan danışıb səs-küy salmış, barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına maddi sübut kimi edilmiş DVD disk-ə baxış keçirilmiş, həmin video görüntülərdə Şəxs idarə etdiyi “BMW-528l MİNİK” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokolla əlaqədar sonuncunun ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsini, həmçinin polisin hansı qanuni tələbinə tabe olmamasını sübuta yetirən hər hansı bir mötəbər və tutarlı dəlil məhkəməyə təqdim edilmədiyindən, həmçinin məhkəmə iclasında dindirilmiş polis əməkdaşları, istər protokolu tərtib etmiş, istər şahid qismində dindirilmiş polis əməkdaşı da barəsində protokol tərtib edilmiş şəxsin hansı hərəkətində və ya əməlində polisin qanuni tabe olmamasını qeyd edə bilməmişlər, beləliklə məhkəmə nəticə olaraq Şəxs həmin əməlləri törətməsi sübuta yetirilmədiyindən İXM-in 510 və 535.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu qənaətindədir. Məhkəmə Şəxs barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Şəxs özününü etirafı və məhkəmə iclasında tədqiq edilən müvafiq görüntü ilə bağlı disk, şəxsin əməlində İXM-in 511.1.1-ci maddənin dispozisiya şərtlərinin olduğunu bildirir, bununla əlaqədar məhkəmə sonuncuya inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq həmin Məcəllənin sanksiyası çərçivəsində onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə cəzası tətbiq edilərək sonuncunu cəmiyyətdən təcrid etmədən də islah edilməsinin mümkün olduğunu məqsədə müvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar