Məhkəmə qərarları › İş №3(012)-1986/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1986/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1986/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin müdafiəçisi Vəkil iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin müdafiəçisi Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müdafiəçisi olduğum hüquqi şəxs barəsində İXM- nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və materialı baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati tənbeh tədbiri nəzərdə tutulur. “Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən orta və iri sahibkarlıq subyektləri məcburi auditdən keçməlidirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərin orta siyahı üzrə sayı 51-250 nəfər, illik gəliri 3 milyondan artıq 30 milyondan artıq olmayan sahibkarlıq subyektləri orta sahibkar, işçilərin sayı 250 nəfərdən artıq olan, illik gəliri isə 30 milyondan artıq olan sahibkarlıq subyektləri isə iri sahibkarlıq subyekləri hesab olunur. "xxxx" MMC-nin 2022-ci il üçün orta sahibkar hesab edilməsinə əsas 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş səyyar vergi yoxlaması, yoxlamanın nəticəsində 2022-ci il üzrə "xxxx" MMC-yə 12850532,22 manat (ƏDV ilə) mədaxil olmasının müəyyən edilməsi və nəticədə "xxxx" MMC-nin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********167600 saylı vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə "xxxx" MMC-nin barəsində 2022-ci il üzrə 1955674,41 manat ƏDV, həmin məbləğin 50%-i məbləğində, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat olmaqla, cəmi 977917,21 manat maliyyə sanksiyası tətbiq edilməsi olmuşdur. Lakin həmin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********167600 saylı qərarı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (118)-2013/2023 saylı qərarı ilə ləğv edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 457/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2260/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin bütün vergitutma əməliyyatları 2008-2013-cü illəri əhatə etmişdir. Elə 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********167600 saylı qərarının ləğv edilmə əsası da bu olmuşdur. Göründüyü kimi, "xxxx" MMC 2022-ci ildə orta sahibkarlıq subyekti olmamışdır. "xxxx" MMC-nin barəsində İXM-nin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, Az 0116 Abşeron rayonu, masazır, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xəta nəticəsində "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2013/2023 saylı qərarından görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergö ödəyicisinin və ya sosial sığortaedənin vergi qnunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-457/2023 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2013/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2260/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-457/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.6-cı maddəsinə uyğun olaraq, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanıltnası üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 107.6-cı maddəsinə uyğun məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. "Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları- mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.2-ci və 100.3-cü maddələrinə uyğun olaraq açıq və qapalı səhmdar cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, təsərrüfat subyektləri hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar