Məhkəmə qərarları › İş №3(012)-199/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-199/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-199/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, X8, 6-cı küçəsi, döngə 02, ev 21 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Fuad Məmmədov izahat verərək bildirdi ki, Şəxs 15 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Sumqayıt-Bakı şossesində yerləşən Baş Dövlət Yol Polis idarəsinin X4 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa o, 15 yanvar 2025-ci il tarixdə Sumqayıt-Bakı şossesində yerləşən DİN-nin Baş Dövlət Yol Polis idarəsinin X4 polis əməkdaşları ilə ucadan danışaraq, səsküy salmaqla “xırda xuliqanlıq” edərək, inzibati xəta törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı özünü qismən təqsirli bilir. Belə ki, oğlu Elçin Məmmədov ona öz mobil telefonundan zəng edərək 15 yanvar 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə işə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək Ekologiya Postuna gəlməsini istəmişdir. Təxminən 20-25 dəqiqə sonra o həmin əraziyə gəlmiş, oğlunun postun həyətində olduğunu görüb hadisə barədə onunla söhbət edərkən Elçin ona bildirmişdir ki, heç bir qayda pozmadığı halda onun barəsində avtoxuliqanlıq maddəsi ilə protokol tərtib ediləcəyi bildirilmiş, içkili olmadığı halda içkililik testi keçirilmiş və ondan protokol tərtib edilməməsi üçün pul istənilmişdir. Buna görə də o, səlahiyyətli şəxsin otağına yaxınlaşmış, qapını ona açmamışdırlar. Bir neçə dəqiqə sonra onu qəbul etdikləri zaman o oğlu ilə qanunsuz davranıldığı üçün həmin şəxslərə iradını bildirdikdə ona inzibati xəta hadisəsini törədən şəxsin o olmadığı, oğlu olduğu üçün onu dinləməyəcəklərini, buna görə də xidməti otağı tərk etməsini tələb etmişlər. Bu zaman polislərlə arasında mübahisə yaranmış və otaqda polis işçiləri tərəfindən ona fiziki güc tətbiq edilərək döyülmüşdür. Həmin vaxt orada kənar şəxslər olmamış, bütün proses xidməti otaqda baş vermişdir. Sonradan onun əhvalının pisləşiyini gördükləri üçün təcili tibbi yardım biriqadası çağırılmış ona adını bilmədiyi dərman verilmiş, iynə vurulmuşdur. Onu döyən polis işçilərinin adını bilməsə də üzdən həmin şəxsləri tanıya biləcəyini bildirmişdir. Onun məqsədi polis əməkdaşları ilə mübahisə etmək onların işinə mane olmaq olmasa da, oğlundan eşitdiklərindən, yəni onu narkotik vasitə istifadəsində təqsirləndirdikləri, ondan əsasız yerə pul istədikləri, avtoxuliqan adlandırdıqları üçün əsəbləşdiyi üçün polis əməkdaşlarının işinə mane olmaqda özünü təqsirli bilir. Bir daha bildirmək istəyir ki, polis əməkdaşları tərəfindən döyülərək, müxtəlif xəsarətlərə məruz qalmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasında çıxış etməklə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqında protokollarda inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 15 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt-Bakı şossesində yerləşən DİN-nin BDYP-nin ENP-da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır;

2. İnzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 15 yanvar 2025-ci il tarixdə Sumqayıt-Bakı şossesində yerləşən DİN-nin BDYP-nin ENP-da polis əməkdaşları ilə ucadan danışaraq, səs-küy salmaqla “xırda xuliqanlıq” edərək, inzibati xəta törətmişdir;

3. “İnzibati qaydada tutma haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 12:15-dən məhdudlaşdırılmışdır.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Sumqayıt-Bakı şossesində yerləşən Baş Dövlət Yol Polis idarəsinin X6 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu faktı inzbati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi faktı sübuta yetirilməmiş, həmin faktın mövcudluğu öz təsdiqini tapmamışdır “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar qeyd edir ki, sonuncunun ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı dəlil məhkəməyə təqdim edilmədiyindən və nəticə olaraq onun həmin əməli törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar qeyd edir ki, Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi və törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar