Məhkəmə qərarları › İş №3(012)-2005/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2005/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2005/2025 27.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokolu tərtib etmiş Abşeron rayon Pİ-in İTŞ-in polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1966-cı ildə Şabran rayonu, Ceyranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan ünvan 2ən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs əri X3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə ünvan 2ən fərdi yaşayış evində gəlini Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində samovarı və 150 manat pul vəsaitini onun otağından götürdüyü üçün, barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Abşeron rayon Pİ-in İTŞ-in polis sahə rəisi, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək qayınanası Pərvər Əmirova və qayınatası Mirtaleh Əmirov tərəfindən ona məxsus otaqdan 150 manat məbləğində nağd pul və 250 manat dəyərində samovarın oğurlanması barədə məlumat vermiş qeyd olunan əməlin samovarın qaynanası Şəxs tərəfindən, 150 manat pulun isə qaynatası Mirtaleh Əmirov tərəfindən törədilməsi müəyyən edilmiş və barələrində ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı inzibati xəta protokolu Şəxs barəsindədir, onun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməmiş və öz izahatında göstərmişdir ki, ona istinad olunan əməlin törədilməsində özünü təqsirli bilmir, qeyd olunan əməli törətməmişdir, yaşadıqları evdə əri, oğlu, gəlini Gülşən və 2 nəvəsi ilə birlikdə yaşadıqlarını, uzun müddətdir aralarında problemlər olduğunu, hazırda bir-biriləri ilə danışmadıqlarını, bir evdə yaşasalar da, artıq iki ildir ayrı-ayrı otaqlarıda yaşadıqlarını, ünsiyyətləri olmadığını, mübahisə predmeti olan və gəlini Gülşənin özünə məxsus olduğunu iddia etdiyi samovarın ona cehiz olaraq hədiyyə olunan samovar olduğunu, lakin gəlini Gülşənin həmin samovarı özünə məxsus olduğunu bildirməklə 2 ilə yaxındır ki, götürüb öz otağına qoyduğunu, bir neçə dəfə samovarı geri qaytarması ilə bağlı Gülşənə xəbərdarlıq etdiyini, lakin Gülşənin onun sözlərinə əhəmiyyət verməyərək samovarı qaytarmaqdan imtina etdiyini, buna görə də samovarı Gülşənin qaldığı otaqdan götürdüyünü, həmin vaxt Gülşənin evdə olduğunu, buna görə də Gülşənin samovarı geri qaytarmasını ondan tələb etidiyini, lakin samovarı geri qaytarmadığını, həmin samovarı oğurlamadığını bildirmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə münasibətləri artıq uzun müddətdir ki, yaxşı olmadığını, birgə yaşadıqları iki il olar ki, evdə bir-biri ilə danışmadıqlarını, aralarında olan münaqişələrə görə bir neçə dəfə polis idarəsində araşdırma aparıldığını, mübahisə predmeti olan samovarın ona qaynatası X1 anası X5 Dəvəçi rayonunda evində olarkən ona bağışladığını, buna baxmayaraq qaynanası Şəxs həmin samovarın özünə məxsus olduğunu iddia edərək ondan tələb etdiyini, lakin samovarı qaynanasına vermədiyini, qaynanasının həmin samovarı özünün cehiz samovarı olduğunu yalandan bildirərək geri qaytarmasını istədiyini, həmin samovarın qaynanasına cehiz olaraq hədiyyə olunan samovar olmadığını, qaynanasına cehiz olaraq hədiyyə olunan samovarın başqa samovar olduğunu bildirmişdir.Samovarını geri qaytarsa şikayətini geri götürə bilər. Zərərçəkmiş şəxs həmçinin bildir di, 150 manat pulunu isə qaynatası Mirtaleh 2025-ci ilin yanvarında oğurlamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tərkibi omadığından icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24-cü fəslində (Mülkiyyət əleyhinə olan inzibati xətalar) olan inzibati xətaların obyekti bir qayda olaraq mülkiyyət münasibətləridir. Hüquqi mənada mülkiyyət münasibəti mülkiyyətçi tərəfindən öz əmlakına sahib olma, ondan istifadə etmə və onun üzərində sərəncam vermə hüququna (subyektiv mülkiyyət hüququ) malik olma kimi başa düşülür. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona dəymiş ziyanı ödəməmişdir, ona görə İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə müdafiə tərəfin şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tərkibi omadığından icraata xitam verilməsi kimi gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, bu inzibati xətanın obyekti - mülkiyyətdir. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamvermə ilə əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək, hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam vermə səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Adından göründüyü kimi mülkiyyət münasibətləri mülki hüquq normaları ilə nizamlanır, lakin təhlilimiz çərçivəsində onlar inzibati hüquq normaları vasitəsi mühafizə olunur. Maddənin təsiri altına düşən xırda talamada şəxs (talayan) başqasının mülkiyyəti hesabına əmək (əziyyət) sərf etmədən varlanır, talanmış əmlak üzərində sərəncam vermə imkanını əldə edir. Təcrübədə həmin əməllər talanan əmlakdan istifadə, bağışlanma, satılma və digər özgəninkiləşdirmə formasına məruz qala bilir. Qanunvericilik quruluşuna görə təhlili aparılan inzibati xəta maddi tərkiblidir. Belə ki, normanın məzmununa görə təqsirkarı İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək üçün əmlakın maddi formada talanması ilə zərərçəkən şəxsə maddi zərərin vurulması zəruridir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Qanunvericinin mövqeyinə görə (İXM-in 227-ci maddəsinin dispozisiyası) xırda talama dedikdə, oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talanması başa düşülür. O, özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və (və ya) özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə oluna bilər. Ona görə məhkəmə Şəxs (təhqiqat zamanı verdiyi etirafedici izahatından fərqli olaraq) məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin maddənin tələbini nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə ictimai işlər təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 saat ictimai işlər növündə cəzası təyin olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar