Məhkəmə qərarları › İş №3(012)-2006/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2006/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2006/2023 02.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu Şəxs barəsində Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 343.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə nzibati xəta haqqında protokol Abşeron rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini özündə ehtiva edir. Şəxs tərəfindən məhkəmənin icraatına daxil olmuş inzibati materialda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əvvələr eyni xarakterli inzibati xəta törədilməsinə dair heç bir sübut iş materiallarına əlavə edilməmiş, inzibati protokol qanunla nəzərdə tutulduğu kimi 48 saat müddətində deyil, 1 aydan artıq müddətə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs növündə inzibati cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 113.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Abşeron rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun tərtib olunmadığından Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar