Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2011/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi mülkiyyətində olan “Qaz 31-105 minik” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 12:06-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair DYPŞnin xx.xx.2023-cü il tarixli sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahat verərək bildirdi ki, qeyd edilən nəqliyyat vasitəsini özü idarə edir. Bildirir ki, Nazirliyin müvafiq struktur bölmələri, o cümlədən tabeli qurumlarının balansında olan nəqliyyat vasitələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 fevral 2019-cu il tarixli 97/ü, 14 may 2019-cu il tarixli 378/ü və 16 iyul 2020-ci il tarixli 444/ü nömrəli əmrləri ilə Nəqliyyat İdarəsinin balansına verilmişdir. Həmin nəqliyyat vasitəsini idarə edən sürücülər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsinin işçiləridir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4nə ünvanladığı 30/36 nömrəli məktubu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurum və təşkilatların sürücüləri və idarə etdikləri nəqliyyat vasitələri haqqında məlumatların xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qeydiyyata alınması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahının 66-cı bəndində "Qaz 31-105 minik” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün adı, soyadı və əlaqə telefonu qeyd edilmişdir. Eyni zamanda məktubda göstərilmişdir ki, nəqliyyat vasitələri haqqında sorğu və bildirişləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Nəqliyyat İdarəsinə göndərilsin, lakin qeyd olunan ünvana heç bir sorğu daxil olmamışdır. Bundan başqa, idarə tərəfindən avtomobillərin etibarnamə əsasında kimin idarə etməsi barədə xx.xx.2023-cü ildə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4nə məktub göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi barəsində eyni mahiyyətdə olan digər inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılmış və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sanki Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4 qərəzli şəkildə Nazirliyin Nəqliyyat İdarəsi balansında olan maşınlara protokol tərtib edir. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi balansında olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda sözügedən nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunması, həmçinin sorğuların Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında göndərilməsi xahiş olunmuşdur. Bundan başqa, idarə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə, "Qaz 31-105 minik” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 tərəfindən idarə olunduğunu qeyd etmişdir. Belə ki, hüquqi şəxsin İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinməsinə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirmişdir. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Azərbaycan Respublikası İXM-nin 57.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ sorğu məzmunlu məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinə müraciət etmiş və həmin sorğunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı xəbərnaməni imzalayaraq qəbul etmişdir. İş materialları ilə müəyyən edilməmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi sorğu ilə barəsində inzibati xəta haqqında protokol tərtib etdiyi şəxsə nə vaxt müraciət etmiş və hüquqi şəxs sorğunu nə vaxt qəbul etmişdir. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nə məktub göndərərək tabeli qurumun sürücüləri və idarə etdikləri nəqliyyat vasitələri barədə məlumat göndərmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib, şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıdan da göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1 cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.2 -ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.; 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırki iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2011/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2011/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver