Məhkəmə qərarları › İş №3(012)-2012/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2012/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2012/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə, xx.xx.1964-cü ildə Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Zəngilan RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, sərxoş vəziyyətdə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin MKİS-in imzibati binasında dəhlizdə ucadan ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zəngilan şəhərciyinin MKİS-in rəisi tərəfindən təqdim edilmiş ərizəyə əsasən araşdırma aparılmış Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid Zəngilan şəhərciyinin MKİS-in rəisi X7 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti otağında olarkən inzibati binanın dəhlizində ucadan nalayiq söyüşlər söyüldüyünü eşitmiş, otaqdan dəhlizə çıxarkən həmin şəxsin Şəxs olduğunu görmüşdür. Yaxınlaşaraq, Məzahiri sakitləşməsinə və söyüş söyməməsinə çalışsa da Məzahir sərxoş olduğundan onun və MKİS-in digər işçilərinin dediklərinə məhəl qoymayaraq, MKİS-da olan vətəndaşların yanında öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi xətanın səmimi etiraf etməsini olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:15-da müayinə olunarkən onda “Orta dərəcəli” sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin MKİS-in imzibati binasında dəhlizdə ucadan ünvansız nalayiq söyüşlər söyərək, MKİS-də olan insaların diqqətini özünə cəlb etmiş və ictimai qaydanı pozmuşdur. Bu faktı isə özözlüyündə Şəxs sözügedən inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 510-cu madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar