Məhkəmə qərarları › İş №3(012)-2047/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2047/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2047/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi, işin icraatına xitam verilməsi, həmçinin ona dəyən mənəvi və psixoloji ziyana görə təzminat ödənməsi üçün lazımi işlərin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 23:30 radələrində Metronun Xalqlar dostluğu stansiyasının yaxınlığında 7 ildir idarə etdiyi “Lada Granta” markalı, 99FG093 nömrə nişanlı avtomobili DYP əməkdaşı saxlamış, maşının arxa şüşəsində olan pərdəni qanun pozuntusu olmasını ona bildirmişdir. Halbu ki, bu arxa pərdə maşını aldığı gündən ordadır, bu pərdə ilə maşını almış, alqı-satqı etmiş, texniki baxışlardan keçirmişdir, Polis əməkdaşları tərəfindən aparılan müxtəlif reydlərdə maşını yoxlanılmış və heç zaman bir nöqsan kimi ona bildirilməmişdir. Ona məktub göndərilmədən Daxili İşlər Nazirliyinin rəsmi saytında olan elektron kabinetimə protokol 04 oktyabr 2023-cü il tarixində yerləşdirilmişdir. Bundan əlavə özünü Tural kimi təqdim edən, DYP əməkdaşının yazdığı protokolda sonradan adının Davud olduğu ona məlum olmuşdur. Həmçinin tərtib olunan protokolda AR İXM-nin 342.2.4-cü maddəsi göstərilsə də, əslində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin əlavənin qeyd hissəində avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Gördüyünüz kimi onun maşınında arxanı göstərən xarici yan güzgülər olduğu üçün DYP əməkdaşının bu cəriməni yazması əsassızdır və o, DYP əməkdaşının hərəkətlərindən şikayətçidir. Belə ki, həmin zamanda çox tələsməsinə baxmayaraq DYP əməkdaşı əsassız olaraq avtomobilini saxlamış, işlərinə mane olmuş, onu yağışın altında saxlamış, xəstələnməyinə səbəb olmuş, habelə insani hüquqlarımı pozmuş, maşınını pərdə sökməyəcəyi təqdirdə cərimə meydançasına aparmaqla hədələmişdir. Halbu ki, onun maşını pərdəyə görə cərimə meydançasına aparması qanunda göstərilməmişdir. Buna görə də DYP əməkdaşınmın yazdığı protokola etiraz edir və həmçinin ona dəyən mənəvi və psixoloji ziyana görə təzminat ödəməsi üçün lazımi işlərin aparılmasını xx.xx.2023-cü il tarixdə 102 çağn mərkəzinə zəng edib polisin əməllərindən şikayət etmişdir, çünki hesab edir ki, AR İnzibati Xətalar Məcəlləsinin 342.2.4 tələbləri tərəfindən pozulmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş orqanın nümayəndəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayət vermiş şəxsin izahatını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 04 oktyabr 2023-cü il tarixdə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, Elektron kabinete əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola əsasən barəsində 135 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 134.1.4-cü maddəsinə şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X4 Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarından həm vermiş olduğu şikayət ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında maşının arxa şüsəsindən asılmış örtüyün standartlara uyğun olduğunu iddia edərək inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, şəxsin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmadığından X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməli, şikayət digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar