Məhkəmə qərarları › İş №3(012)-205/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-205/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-205/2024 29.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsi Qobu PB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sadiq oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Sadiq oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri üzrə Abşeron Rayon Polis İdarəsi Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Polis İdarəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sadiq oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 maddələri üzrə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsi Qobu PBnin sahə rəisi X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə olarkən kamaz akkumlyatorunun oğurlanmasında şübhəli bilinən Şəxs Sadiq oğlunun yaşadığı ünvan 2 ünvanına yaxınlaşıb, onu polis bölməsinə dəvət etmək istəyərkən, özü və qardaşı ünvansız nalayiq söyüşlər söyərək, Şəxs qardaşının gəlməsinə imkan verməyib, tabesizlik göstərmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, Şəxs Sadiq oğlu polis əməkdaşının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sadiq oğlu özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Kənddə baş verən kamaz akkumlyatorunun oğurlanmasından xəbəri olmamışdır. Son 10 gün ərzində evdən çölə çıxmadığını bildirib, o nizam-intizama tabe olmadığına görə əməlindən peşman olduğunu bildirdi. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam evrilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Sadiq oğlu xx.xx.2024-cü il tarixdə saat 20:00-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs Sadiq oğlu nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, Şəxs Sadiq oğlu polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdirmişdir. Bu halda məhkəmə hesab edir ki, Şəxs Sadiq oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sadiq oğlunun Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs Sadiq oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkib hissəsi olmadığından bu hissədə işin icraatına İXM-nin 53-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs Sadiq oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Sadiq oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Sadiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Sadiq oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə işin icraatına xitam verilsin. Şəxs Sadiq oğlu dərhal məhkəmə zalından azad olunsun. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar