Məhkəmə qərarları › İş №3(012)-2059/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2059/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2059/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qzının katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən Elvin Yusifzadə məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, “VAZ 21074” minik markalı, 99TG836 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və o, həmin avtomobili etibarnamə əsasında idarə edir. O, xx.xx.2023-cü il tarixdə avtomobil idarə edən zaman Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin arxa ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkildiyi barədə məlumat vermişlər. O, isə avtomobildə arxa ban şüşəsinə quraşdırılmış sözügedən örtüklərin qanunla qadağan olunmadığını və heç bir qayda pozuntusu etmədiyini, əgər etmişsə də bunu sübut etməyə borclu olduğunu qeyd etsə də, lakin onun sözləri nəzərə alınmayaraq, ona qayda pozuntusuna yol verdiyi bildirilmişdir. Bununla razı olmadığını və əgər qayda pozuntusuna yol vermişsə ona cərimə yazmasını bildirmiş, bir müddət sonra isə ona İXP5786504 nömrəli protokol tərtib edildiyini və İXM 342.2.4-cü maddəsini rəhbər tutaraq cərimə yazıldığını öyrənmişdir. Onun qeyd etdiyi halları DYP avtomobilində quraşdırılmış videomüşahidə kamerası və qanunun tələbinə əsasən əməkdaşın üzərində olan səsyazı cihazı vasitəsi ilə sübut etmək mümkündür. Cərimə tamamilə əsassız və qanunsuzdur. Belə ki. o, avtomobilin arxa ban şüşəsinə quraşdırılan həmin örtüyün, yəni pərdənin qanunla qadağan olmadığını polis əməkdaşına bildirsə də nəticəsi olmamış, ona tamamilə əsassız və qanunsuz cərimə yazılmışdır. Əlavə olaraq bildirir ki, həmin qərarı rəsmi qaydada 25 oktyabr 2023-cü il tarixdə əldə etmişdir. Tərtib edilmiş inzibati protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını, bundan əlavə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta üzrə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ X9 Xidməti inspektoru, polis serjantı X4 24 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 avtomobili idarə edərkən “nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə” dair tələbli pozması nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, 150 manat məbləğində cərimə olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinin 3-cü bəndinin tələbinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 134.1.4-cü maddəsinə şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Göründüyü kimi qaydalara əsasən minik avtomobillərində pərdə asılmasına deyil, plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verilir. Belə ki, Elvin Yusifzadə hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də məhkəmə iclasında verdiyi izahatında istifadəsində olan avtomobildə quraşdırılmış örtükdən –“pərdə”dən istifadə etməsini inkar etməmiş, hətta qanunun buna yol verdiyini bildirmişdir. X3 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi nəzərindən qayda pozuntusu etmədiyini iddia etməsinə baxmayaraq məhkəmə hesab edir ki, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi gələcəkdə inzibati xətanın qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması ilə nəticələnə bildiyindən şikayətin təmin edilməsi yolverilməzdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, X3 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyndən şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar