Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2062/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirsadiq oğlunun, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n. Şəxs Mirsadiq oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsi tərəfindən Şəxs Mirsadiq oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisi polis kapitanı X3 izahat verərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Fikrət Əmirov küçəsində baş vermiş inək oğurluğu hadisəsi ilə əlaqədar mübahisəli evə yaxınlaşmış və ev sahibinin nömrəsini istədikdə qonşuluqda yaşayan Elçin Sadiqov çölə çıxmış, onları küçə söyüşləri ilə təhqir edərək, özünün də köhnə polis əməkdaşı olduğunu bildirmiş və oranı tərk etməyi tələb etmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də Şəxs onlara məhəl qoymamış, yüksək səslə küçə söyüşləri ilə təhqir etməyə davam etmişdir. Bundan sonra Şəxs Mirsadiq oğlu bölməyə gətirilmiş və barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs Mirsadiq oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirsadiq oğlu izahat verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən fərdi evdə yaşayır. Hadisə vaxtı həyətdə səs-küy səsləri eşidib, azyaşlı qızının xəstəliyi ilə əlaqədar onlardan daha yavaş danışmalarını xahiş etmiş, lakin polis əməkdaşları sərt şəkildə oradan uzaqlaşmağını tələb etmişlər. Polis əməkdaşları ilə aralarında baş vermiş mübahisədə özünü qismən təqsirli bilir, əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədə müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək, Şəxs barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs Mirsadiq oğlu polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mirsadiq oğlu xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş məlumat vərəqəsinin surətindən görünür ki, Şəxs Mirsadiq oğlunun himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşaq X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Mirsadiq oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs Mirsadiq oğlu barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs Mirsadiq oğlunun səmimi peşmançılığı və himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs Mirsadiq oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs Mirsadiq oğluna məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Mirsadiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs Mirsadiq oğluna məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2062/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2062/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver