Məhkəmə qərarları › İş №3(012)-207/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-207/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-207/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, “xxxx” Müəssisəsinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs “xxxx” Müəssisəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X1 İstifadə Ağentliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 İstifadə Agentliyi “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Türkan qəsəbəsi, İ mişardaşı yatağında istismar üçün verilmiş “Dağ-mədən ayırması” aktının müddəti bitdikdən sonra 2 il ərzində qanunsuz olaraq hasilat aparılmışdır. Buna görə də “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs “xxxx” Müəssisəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tərkibi vardır. “xxxx” Müəssisəsinin nümayəndəsi X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, “xxxx” Müəssisəsinin rəhbəri vəfat etdiyi üçün səlahiyyət “Rəşid N” şirkətinə ötürülmüşdür. Rəşid-N şirkəti sahədə hasilat aparmamışdır. 2013-cü il tarixli 00791 nömrəli “Dağ-mədən ayırması” aktına əsasən hasilatı “xxxx” müəssisəsi aparmışdır. Ərazi 1,5 ha təşkil edir. 2018-ci ildən etibarən aparılan hasilat icazəsizdir. İcazəsiz hasilatın məbləği ödəniləcək. Son iki il ərzində yəni, 2018-ci ildən bu vaxta qədər təxminən 6500 kub metr həcmində əhəngdaşı çıxarılmışdır. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X1 İstifadə Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmədə “xxxx” Müəssisəsinin inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan müəyyən edilir ki, Dövlət X3 İstifadə Agentliyi tərəfindən istismar üçün verilmiş “Dağ-mədən ayırması” aktının müddəti bitdikdən sonra iki il ərzində qanunsuz olaraq hasilat aparıldığı üçün MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə “xxxx” Müəssisəsinin inzibati xətanı törətməsində təqsirli olması müşahidə-baxış, fotoşəkil və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə “xxxx” Müəssisəsi barəsində inzibati tənbeh tətbiq edilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs “xxxx” Müəssisəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs “xxxx” Müəssisəsinə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “xxxx” Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar