Məhkəmə qərarları › İş №3(012)-2073/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2073/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2073/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 daxil olmuş materiala baxaraq, məhkəm\ müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 noyabr 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 06 noyabr 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X1 "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İlkin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 nümayəndəsi Sirac Nəzərli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində "xxxx" MMC tərəfindən X1 əmək hüquqlarının pozulması, yəni yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar "xxxx" MMC-nin təsisçisi və direktoru Ərəstun Rzayev barəsində protokol tərtib edilmiş və o, xx.xx.2023-cü il tarixli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İlkin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ərəstun Rzayev məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati protokolla bağlı özünü təqsirli bilir. Belə ki, mərhum Daşqın Bəxtiyarovun müraciətinə əsasən əvvəlcə onu sınaq müddətinə cəlb etməklə işə götürmüş və Ağdaş rayonuna ezam göndərmişdir. Daha sonra işçi özünü doğruldacağı halda əmək müqaviləsi bağlamaq niyyətində olduğunu, o vaxta qədər sınaq müddəti olduğuna görə mərhumu işə götürübgötürməyəcəyinə dair dəqiq fikirinin olmadığını ifadə etmişdir. Bu səbəbdən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 əmək müfəttişi Sirac Nəzərli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmə Məcəlləsinin 7 və 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 müvafiq işləri yerinə yetirməməsinə görə cəlb edildiyi müəyyən edilmişdiir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanmış 3-17-5/2-43272/2023 saylı bildirişə əsasən, MMC-nin əməlində inzibati xətanın əlamətləri müəyyən edildiyindən barəsində protokolun tərtib olunmasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanmış 3-17-5/2-44704/2023 saylı bildirişə əsasən MMC barəsində tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanmış 3-17-5/2-702/2023 və 3- 17-5/2-703/2023 saylı məktubulara əsasən MMC barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərardadın baxılması üçün məhkəməyə göndərilməsi barədə xəbərdarlıq olunmuşdur. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 sentyabr 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Hüşün kəndində suda boğulma və qeyri-ölümcül suya batma səbəbindən ölmüşdür. "xxxx" MMC-nin direktoru Ə.Rzayevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X5 ünvanlamış olduğu məktuba əsasən Bəxtiyarov Daşqın işə düzəlmək üçün MMC-yə yaxınlaşmış, o, sonuncunu işləyibişləyə bilməməsi üçün X10 göndərmişdir. O, xx.xx.2023-cü il tarixdə Vidadi ilə birlikdə balıq tutmağa getmiş və özünün səhlənkarlığından kanala sürüşüb boğulmuşdur. Daşqın Bəxtiyarovla heç bir əmək müqaviləsi bağlanmamış, onun MMC-də heç bir qeydiyyatı olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi proses iştirakçılarının izahatları və iş materialları ilə sübuta yetirilmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qaslmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar