Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2077/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4, İİİ şəxs Abşeron rayon Məmmədli Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, «SVORD-A.A Services” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialların baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «SVORD-A.A Services” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X2 və X8 izahat verərək bildirdilər ki, 25 oktyabr 2023-cü il tarixdə saat 16:40-da ərazidə reyd keçirdikləri zaman yolun kənarında yerləşən hasara alınmış sahədə tullantıların qalaqlanaraq yandırıldığını görmüşdürlər. Tullantı yandırılan torpaq sahəsinin kimə məxsus olduğunu soruşduqda həmin torpaq sahəsində «SVORD-A.A Services” MMC-yə məxsus neft anbarı olduğunu öyrənmişdirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin, həmçinin “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci və 12-ci maddələrinin tələbləri pozulduğundan tərəflərindən 82655 nömrəli akt tərtib edilmiş, hüquqi şəxsə bununla bağlı məlumat verilmişdir. Aparılmış araşdırmalar nəticəsində torpaq sahəsinin X5 mülkiyyətində olduğu, həmin torpaq sahəsini icarəyə götürən «SVORD-A.A Services” MMC-nin isə X7 məxsus olduğu müəyyən edilmişdir. Yol verdiyi inzibati xəta ilə bağlı «SVORD-A.A Services” MMC-yə məlumat versələr də hüquqi şəxsin hər hansı nümayəndəsi idarəyə gəlməmişdir. Nəticədə «SVORD-A.A Services” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5 mülkiyyətində olan və «SVORD-A.A Services” MMC-yə icarəyə verilən sözügedən torpaq sahəsi hüquqi şəxs tərəfindən lift saxlanc anbarı kimi istifadə olunmuşdur. Protokol əsaslı olduğundan hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «SVORD-A.A Services” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, 25 oktyabr 2023-cü il tarixdə tullantıların qalaqlanaraq yandırılması barədə "xxxx" MMC tərəfindən heç bir tapşırıq verilməmişdir. 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,25 ha hissəsi onun mülkiyyətçisi X10 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Hüquqi şəxs sözügedən torpaq sahəsindən tullantıları yandırmaq üçün deyil, saxlanc yeri kimi istifadə edir. Yanğın baş verən ərazinin "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Buna görə də iş üzrə icraata xitam veilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İİİ şəxs kimi işə cəlb edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, sözügedən inzibati xətanın baş verdiyi torpaq sahəsi X5 mülkiyyətindədir, lakin "xxxx" MMC-nin direktoru X11 həmin torpaq sahəsinin ona icarəyə verilmiş hissəsindən istifadə edir. O, Abşeron rayon Məmmədli Bələdiyyəsinə illik 800 manat məbləğində vergi ödəyir. X5 mülkiyyətində olan torpaq sahəsinə keçirilmiş yerli baxış nəticəsində tikili olan torpaq sahəsinin 249 nömrəli torpaq sahəsi olduğu və həmin ərazinin tullantıların yandırıldığı torpaq sahəsinə daxil olmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «SVORD-A.A Services” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında inzibati xətanın Abşeron rayon Məmmədli kəndində X5 mülkiyyətində olan 01 ha torpaq sahəsinin «SVORD-A.A Services” MMC-nin icarəsinə verilmiş hissəsində törədilməsi ilə bağlı mötəbər sübut olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi qanunvericilik sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını və göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsini ehtiva edir. Hazırki işdə isə inzibati xətanın Abşeron rayon Məmmədli kəndində X5 mülkiyyətində olan 01 ha torpaq sahəsinin «SVORD-A.A Services” MMC-nin icarəsinə verilmiş hissəsində törədilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi məhkəməyə baxılması üçün inzibati xətanın Abşeron rayon Məmmədli kəndində X5 mülkiyyətində olan 01 ha torpaq sahəsinin «SVORD-A.A Services” MMC-nin icarəsinə verilmiş hissəsində törədilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Qeyd olunanlardan əlavə məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «SVORD-A.A Services” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2077/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2077/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver