Məhkəmə qərarları › İş №3(012)-2081/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2081/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2081/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X1 İdarəsi”nin nümayəndəsi Qəmbər Həsənovun iştirakı ilə, “X1 İdarəsi”nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, “X1 İdarəsi”nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X1 İdarəsi”nin nümayəndəsi Qəmbər Həsənov bildirdi ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən “X1 İdarəsi”nə göndərilmiş, sorgu rəsmi olaraq idarəyə 15 avqust 2024-cü il tarixdə daxil olmuş, 16 avqust 2024-cü il tarixdə də sorğuya vaxtında cavab verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “X1 İdarəsi” barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inizbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən “X1 İdarəsi”nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “MİTSUBİSHİ L200” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11:27 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş “X1 İdarəsi”nin Abşeron RPİ-yə ünvanladığı 163 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “MİTSUBİSHİ L200” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X2 olması göstərilmişdir.Məktub xx.xx.2024-cü il tarixdə Abşeron RPİ tərəfindən qəbul edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan “X1 İdarəsi”nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən göründüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən “X1 İdarəsi”nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “MİTSUBİSHİ L200” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11:27 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, “X1 İdarəsi”nin Abşeron RPİ-yə ünvanladığı 163 nömrəli xx.xx.2024-cü il tarixli məktubla “NİSSAN SUNNY” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X2 olması göstərməklə, həmin məktub xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-yə göndərilmişdir. Cavab məktubuna əlavə edilmiş sorguya vurulan ştampdan görünür ki, sorgu idarəyə 15.08. 2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi “X1 İdarəsi”nin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X1 İdarəsi” barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar