Məhkəmə qərarları › İş №3(012)-2098/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2098/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2098/2021 30.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 oğlunun iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Alyans” şadlıq sarayında baş inzibatçisi vəzifəsində işləyən Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı 29.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 29.12.2021-ci il tarixdə, saat 19:40 radələrində işlədiyi “Alyans” şadlıq sarayına 42 nəfər artıq şəxs buraxdığına görə karantin qaydalarını pozmuzdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X2 bildirdi ki, 29 dekabr 2021-ci il tarixdə, 18:40 radələrində Abşeron rayonu, Aşağı Güzdək inzibati ərazi dairəsində yerləşən “Alyans” şadlıq sarayına daxil olaraq toy məclisinin keçirilməsi ilə bağlı portaldan neçə nəfər qeydiyyatdan keçməsini maraqlanaraq, şadlıq sarayını işlədən Şəxs bildirdi ki, 108 nəfər qonaq qeydiyyatdan keçib. Lakin yoxlama zamanı 150 nəfər qonağın olması və qeydiyyatdan keçmədən 42 nəfər şəxsin olması aşkarlanmışdır. Belə olan halda həmin şəxslər məclisdən kənarlaşdırılmış və şadlıq sarayını işlədən Şəxs barəsində tədbir görülməsi üçün Abşeron Rayon polis İdarəsinə aparılmışdır. Ona görə də Şəxs karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, bir neçə aydır ki, Abşeron Rayonu Hökməli qəsəbəsi ərazisində Bakı-Şamaxı şossesində yerləşən “Alyans” şadlıq sarayını icarəyə götürüb sınaq müddətində işlədir. Abşeron rayonu Müşfiqabad qəsəbə sakini İqbal adlı şəxs oğlunun toy məclisi ilə bağlı 108 nəfərlik yer sifariş etmişdir və həmin 108 nəfəri qeydiyyatdan keçirmişdir. Sifarişçi İqbal adlı şəxs 29.12.2021-ci il tarixdə ona yaxınlaşaraq bildirmişdir ki, rayondan toy məclisinə qohumları gəldiyi üçün qonaqların sayı 170 nəfər olacaq. O isə sifarişçiyə iradını bildirmişdir ki, operativ qərargahın qərarına əsasən 150 nəfərə qədər icazə olar və buna görə də 150 nəfərdən artıq qəbul etməyəcək. Orada xidmət aparan polis əməkdaşları ilə 150 nəfərdən artıq gələn 6 nəfəri şadlıq sarayına daxil olmağa icazə verməmişdir. Daha sonra Abşeron Rayon Polis İdarəsinin göstərişi ilə onu polis idarəsinə dəvət ediblər. Polis idarəsində ona bildiriblər ki 108 nəfərdən artıq qonağı qəbul etdiyi qanun pozuntusudu. O isə elə bilmişdir ki operativ qərargahın qanununa görə 150 nəfərə qədər qonaq qəbul etmək icazə vardır. Hazırda o, əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasına görə, məhkəmədən onun barəsində yüngül cəza təyin etməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, işdə iştirak edən proses iştirakçiların dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİnin İTŞ-nə göndərilməsi qərara alınmış və sonuncu barəsində müvafiq protokol tərtib olunmaqla Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan tutuma protokolundan görünür ki, Şəxs 29.12.2021-ci il tarixdə saat 23:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nın Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır, həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 dekabr 2021-c il, saat 23:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar