Məhkəmə qərarları › İş №3(012)-2098/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2098/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2098/2025 23.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Samirə Məmməd qızının katibliyi ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz Rayonu, Xudat Şəhəri, Mərkəzi Malikanə ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 232-1-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli , MN seriyalı ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsi ev 169-da yaşayan X2 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı evdə bacısının qeyri-rəsmi münasibətdə olduğu Ramiz adlı şəxs tərəfindən döyülməsi və sonuncunun yaşadığı evin şüşəsini sındıraraq ona 300 manat məbləğində maddi ziyan vurması barədə məlumat vermişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə inzibati protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan protokollardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsi ev 169-da yaşayan X2 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı evdə bacısının qeyri-rəsmi münasibətdə olduğu Ramiz adlı şəxs tərəfindən döyülməsi və sonuncunun yaşadığı evin şüşəsini sındıraraq ona 300 manat məbləğində maddi ziyan vurması barədə məlumat vermişdi. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəməyədək icraat zamanı izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki,təxminən bir ildən çoxdur ki Süleymanovanın bacısı Zümrüd ilə qeyri- rəsmi münasibətdə yaşayır və birlikdə eyni ünvanda yaşayırlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 05 radələrində yaşadıqları ünvanda mobil telefonda musiqiyə qulaq asdığı zaman yaranmış səsə Vəfa iradını bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmış və baş vermiş mübahisə əsasında Vəfa onunla kobud danışdığı üçün əsəbləşmiş və Vəfanın otağının pəncərələrini əli ilə vurub sındırmış, sonra Vəfanın boğazından tutub itələyətək yerə yıxmışdır. Bu münaqişədən sonra onlar barışmışdır. xx.xx.2025-ci il tarixdə təxminan saat 12 radələrində yenidən Vəfa ilə arasında mübahisə etmiş və DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı izahatı alınmış zərərçəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixda saat 05 radələrində yaşadıqları evdə olan zaman bacısı Zümrüd ilə qeyri-rəsmi münasibətdə olduğu Ramiz adlı şəxsin səs-küy etməsinə irad bildirmişdir. Bu səbəbdən Ramiz onu söyüb təhqir etmiş, sonra onun boğazından tutub itələyərək otaqda olan pəncərələri sındırmışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 232.1. maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar