Məhkəmə qərarları › İş №3(012)-21/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-21/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-21/2024 29.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, şikayətçi X5 nümayəndələri X12 və X8, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Xızı regional bölməsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərardan X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərardan X10 tərəfindən şikayət verilmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin rəisi İrfan İsgəndərov tərəfindən qəbul olunmuş 07 noyabr 2023-cü il tarixli MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, guya ki, o, vəzifəli şəxs olaraq, 26 və 30 oktyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş, Azərbaycan respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 2000 manat məbləğində cərimə inzibati tənbeh cəzası tətbiq edilmişdir. O, həmin Qərarla razı deyil, qərar əsassızdır, absurddur, həmçinin qanunveriçiliyin tələblərinə zidd olaraq qəbul olunmuşdur. Belə ki, 26 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə kimi özlərini təqdim edən şəxslər sahibi olduğu «Vedi» kafesinə gəlmiş və qanunsuz yoxlama aparmışlar. Həmin şəxslər yoxlama aparmazdan əvvəl yoxlamanın aparılmasına hüquq verən mötəbər sənədlər təqdim edə bilməmişlər. Bununla bağlı xüsusi olaraq qeyd etmək istəyir ki, Agentliyinin Abşeron-Xızı Regional Bölməsi tərəfindən «Vedi kafesi» əvvəlcədən yoxlama sualları ilə təmin edilməmişdir. Yoxlama zamanı böyük məsləhətçi Təranə Qubadova və aparıcı məsləhətçi Azər Tağızadə tərəfindən təqdim olunmuş 21 sentyabr 2023-cü il tarixli KY231982970 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış isə adi kağız parçasının üzərində çap olunmuş, üzərində hər hansı bir təsdiq edici möhür olmamış, həmin kağız parçasının üzərində mövcud olan elektron imza isə oxunmamışdır. Lakin bu kobud qanun pozuntusuna baxmayaraq, böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə «Vedi» kafesində yoxlama aparmış, kafenin ərazisinə, otaqlarına, mətbəxinə, kafedəki ərzaq və qeyri ərzaq məhsullarına və avadanlıqlarına qanunsuz baxış keçirmişlər. Yoxlama zamanı həmin vəzifəli şəxslər kafenin soyuducusunda saxlanılan 3 kiloqramlıq balonlarda olan 5 ədəd müxtəlif çeşiddə turşuları hər hansı bir məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə müvafiq qərar olmadan qanunsuz olaraq qablaşdırmış və plomblamışlar. Burada xüsusi olaraq qeyd etmək istəyir ki, həmin turşular qanuni olaraq Bakı şəhərində fəaliyyət göstərən ərzaq dükanından alınmış, bunu təsdiq edən müvafiq kassa çekləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən müvafiq çıxarışları tərəfindən yoxlayıcılara təqdim edilmişdir. Yoxlama aparan şəxslər soyuducuda saxlanılan malların qanuni və keyfiyyətli olduğuna əmin olsalar da həmin malları qablaşdıraraq plomblamış, həmin malların dükandan qanuni alınmasına dair təqdim etdiyi müvafiq sənədləri bu barədə müvafiq protokol tərtib etmədən götürmüş, sonra isə yoxlamanın başa çatdığını bildirərək, kafedə masanın arxasına əyləşib məzmunu onlara məlum olmayan bir neçə sənəd tərtib etmiş və tərtib edilən həmin sənədlərdən bir neçəsinin imzalanmasını tələb etmişlər. Yoxlayıcılar tərəfindən imzalamağa təqdim olunan sənədin məzmunu ilə tanış olduqda həmin sənədin 26 oktyabr 2023-cü il tarixli MN1521063 nömrəli inzibati xəta haqqında protokol olduğunu bilmiş, buna görə də həmin protokolun üzərində inzibati xətanın törədilməməsi və protokolla razı olmadığı barədə müvafiq qeydlər etmişlər. Burada bir daha qeyd etmək istəyir ki, 26 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə tərəfindən aparılan yoxlama qanunsuz olmuş, yoxlama zamanı, kafeyə və kafedə saxlanılan ərzaq məhsullarına baxış zamanı, həmçinin məhdudlaşdırıcı tədbirlər tətbiq edilən zaman və inzibati xəta haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştrakı qəsdən təmin edilməmişdir. Aparılan yoxlamanın, həmçinin «Vedi» kafesinin sahibi Zemfira Qafarova barədə tərtib olunmuş inzibati xəta haqqında protokolun qanunsuz olmasını və yoxlayıcılar Təranə Qubadova və Azər Tağızadə tərəfindən yol verilmiş digər nöqsan və qanunsuz hərəkətlər barədə dərhal Qida X1-Xızı Regional Bölməsinin rəisi və yoxlayıcıların ünvanlarına 26 oktyabr 2023-cü il tarixli VK26102023 nömrəli barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və yoxlama zamanı plomblanmış malların istifadəyə buraxılması, nəticəsi barədə rəsmi yazılı məlumat verilməsinə dair vəsatət təqdim olunmuşdur. Baxmayaraq ki, həmin vəsatət Qida X1-Xızı Regional Bölməsi tərəfindən rəsmi olaraq qəbul olunmuş bu günədək həmin vəsatətin talehi onlara məlum deyildir. Bir neçə gün sonra isə, yəni 30 oktyabr 2023-cü il tarixdə yuxarıda adları qeyd olunan Qida X1-Xızı Regional Bölməsinin vəzifəli şəxsləri yenidən «Vedi» kafesinə gəlmiş və heç bir əsas olmadan, hər hansı bir rəsmi sənəd təqdim etmədən yenidən qərəzli olaraq qanunsuz yoxlama aparmışdılar. Həmin vəzifəli şəxslər, yəni böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə yenə də hal şahidlərinin iştrakını təmin etmədən, kafenin ərazisinə, otaqlarına, mətbəxinə və avadanlıqlarına qanunsuz baxış keçirmiş, kafedə müvəqqəti saxlanılan və kafedə istifadəsi nəzərdə tutulmayan, lakin qanuni olaraq ərzaq dükanlarından alınmış və tələb olunan müvafiq kassa çekləri və müvafiq çıxarışları ilə təmin edilmiş bir neçə ərzaq məhsulunu qanunsuz olaraq qablaşdırıb, plomblamış, bundan əlavə, dediklərinə görə guya ekspertizaya təqdim etmək üçün hazır yeməklərdən qanunsuz olaraq nümunələr götürmüş, sonra isə təyin etdikləri ekspertizanın cavabını gözləmədən və onların etirazları və şikayətini nəzərə almadan həmin gün kafedə 30 oktyabr 2023-cü il tarixli MN1521068 nömrəli inzibati xəta haqqında qanunsuz protokol tərtib edərək imzalanması üçün onlara təqdim etmişdilər. Həmin protokolun uzərində aparılan yoxlamanın qanunsuz olması, aşkar olunan malların kafeyə aidiyyətinin olmaması, kafedə istifadə edilməməsi barədə tərəfindən müvafiq qeydlər edilmişdir. Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadənin bu kimi qanunsuz hərəkətləri həmin gün kafenin işçilərinin və müştərilərinin haqlı narazıçılıqlarına səbəb olmuşdur. Belə ki, böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçi Azər Tağızadənin təkrarən apardığı yoxlama zamanı kafenin fəaliyyəti zəifləmiş və iflic halına düşmüşdür. Kafenin işçiləri yoxlama aparan vəzifəli şəxslərin suallarını cavablandıran və həmin yoxdayıcıları müşaiyət edən zaman müştərilərə yetərincə diqqət və xidmət göstərilməmiş, onların sifarişləri vaxtında çatdırılmamışdır. Həmin müştərilər kafenin işçilərinə və yoxlama aparan şəxslərə iradlarını bildirərək kafeni tərk etmişlər. Nəticədə kafeyə maddi və mənəvi zərər dəymişdir. Səhərisi gün, yəni 31 oktyabr 2023-cü il tarixdə «Vedi» kafesinin bir qrup işçisi Qida X1-Xızı Regional Bölməsinə gedərək bölmənin rəhbərliyinə şikayət edərək bu barədə ətraflı məlumat vermişlər. Lakin həmin şikayətə baxılıb-baxılmaması və nəticəsi barədə bu günədək məlumat ala bilməmişlər. Qida X1- Xızı Regional Bölməsinin işçilərinin apardıqları qanunsuz yoxlamaların nəticəsi olaraq bu günədək kafenin fəaliyyəti iflic halındadır.Qida X1-Xızı Regional Bölməsinin işçilərinin yuxarıda qeyd olunan qanunsuz hərəkətləri barədə tərəfindən həmin orqanın rəisinin ünvanına 03 noyabr 2023-cü il tarixli VK03112023 nömrəli vəsatətlə müraciət olunmuş, həmin vəsatətdə eyni zamanda Qida X1-Xızı Regional Bölməsində «Vedi» kafesində yoxlama aparılmasına hüquq verən və kafedə aparılan yoxlama zamanı tərtib edilən bütün sənədlərin təsdiq olunmuş kserosurətlərinin rəsmi qaydada poçt vasitəsi ilə «Vedi» kafesinə təqdim edilməsi, Qida X1-Xızı Regional Bölməsində «Vedi» kafesi barəsində aparılan qanunsuz yoxlama zamanı toplanmış materiallara bundan sonra da əlavə olunan hər bir sənəd barədə «Vedi» kafesinə və onun sahibinə dərhal poçt vasitəsi ilə rəsmi yazılı məlumat verilərək materiallara əlavə olunan sənədlərin kserosurətinin təqdim edilməsi, həmçinin böyük məsləhətçi Təranə Qubadova və aparıcı məsləhətçi Azər Tağızadə tərəfindən aparılan yoxlama zamanı tərtib edilən inzibati xəta haqqında protokolların qanunsuz hesab edilərək, Qida X1-Xızı Regional Bölməsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, aparılan qanunsuz yoxlama zamanı plomblanmış mallarımızın istifadəyə buraxılması, nəticəsi barədə «Vedi» kafesinə və onun sahibinə rəsmi yazılı məlumat verilməsi haqqında qərar qəbul edilməsi tərəfindən xahiş edilmişdir. Lakin buna baxmayaraq, qeyd olunanları nəzərə almadan, hər hansı bir araşdırma aparmadan, vəsatətlərinə baxmadan, həmçinin onların iştrakı təmin edilmədən 07 noyabr 2023-cü il tarixdə Qida X1-Xızı Regional Bölməsinin rəisi tərəfindən MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, həmin 07 noyabr 2023-cü il tarixli MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qərar Qida X1-Xızı Regional Bölməsinin işçiləri tərəfindən tərtib olunmuş 26 və 30 oktyabr 2023-cü il tarixli MN1521063 və MN1521068 nömrəli inzibati xəta haqqında protokollara əsasən qəbul olunmuşdur. Qeyd olunan protokollarla isə biz razı olmadığına görə və bu barədə protokolların üzərində tərəfindən müvafiq qeydlər aparıldığına görə həmin protokolların heç bir sübut əhəmiyyəti yoxdur və əgər hər hansı bir inzibati xəta hadisəsi mövcud olmuşdursa bu halda Azərbaycan Respublıikası İXM-nin tələblərinə görə protokolu tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməli idi (AR İXM-nin 99, 100, 101, 102ci maddələri). Lakin Qida X1-Xızı Regional Bölməsinin işçiləri tərəfindən bu bardə müvafiq qərardad qəbul edilməmiş və inzibati araşdırma aparılmamışdır. Lakin Qida X1-Xızı Regional Bölməsinin rəisi tərəfindən AR İXM-nin qeyd olunan bu maddəsi də nəzərə alınmamışdır. İş materiallarından da göründüyü kimi, «Vedi» kafesinin sahibi Zemfira Qafarova tərəfindən Qida X1-Xızı Regional Bölməsinin rəisinə baxılması məcburi sayılan 26 oktyabr 2023-cü il tarixli VK26102023 nömrəli və 03 noyabr 2023-cü il tarixli VK03112023 nömrəli vəsatətlər təqdim olunmuşdur. Həmin vəsatətlərə dərhal baxılmalı, vəsatətlərin təmin olunmasından imtina edildikdə isə bu barədə müvafiq qərardadlar qəbul edilməli idi. Bu kimi qanuni tələblər öz əksini "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 31-ci (Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi), 32-ci (Yoxlama materiallarına baxılması) və 33-cü (Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər) maddələrində də öz əksini tapmışdır. Lakin iş materiallarından göründüyü kimi, yoxlayıcılar və qərar qəbul edən vəzifəli şəxs bu qanunların tələblərini kobud şəkildə pozmuşdular. Həmçinin nəzərə alınmalıdır ki, Qida X1-Xızı Regional Bölməsinin yoxlayıcıları tərəfindən «Vedi» kafesində apardıqları yoxlama ümumiyyətlə qanunsuz olmuşdur. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsivə sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü Yoxlamaların qanuniliyi maddəsinə əsasən (3.1.) yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılı r; (3.2.) bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa yoxlama aparmaq üçün «Vedi» kafesinə gələn Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə tərəfindən təqdim olunmuş 21 sentyabr 2023-cü il tarixli KY231982970 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış adi kağız parçasının üzərində çap olunmuş, üzərində hər hansı bir təsdiq edici möhür olmamış, həmin kağız parçasının üzərində mövcud olan elektron imza isə oxunmamışdır. (Bildiyiniz kimi, təqdim olunan çıxarışın üzərində elektron imza və ya yoxlamanın eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan sənəd yoxlama aparan qurum tərəfindən imzalanmalı, həmçinin möhürlə təsdiq edilməlidir). Lakin bu kobud qanun pozuntusuna baxmayaraq, böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə 26 oktyabr 2023-cü il tarixdə «Vedi» kafesində yoxlama aparmış, sənədlər tərtib etmiş, məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş, həmin gün yoxlamanın sonunda isə yoxlamanın nəticəsi olaraq inzibati xəta haqqınqda protokol tərtib etmişdilər. Yoxlamanın bitməsini bildirən vəzifəli şəxslər 30 oktyabr 2023-cü il tarixdə də «Vedi» kafesinə yenidən gələrək qanunsuz yoxlama aparmış, sənədlər tərtib etmiş, məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş, hazır yeməklərdən ekspertizaya təqdim etmək üçün qanunsuz nümunələr götürmüş və həmin gün yoxlamanın sonunda təyin olunmuş ekspertizanın nəticəsini almadan yoxlamanın nəticəsi olaraq daha bir inzibati xəta haqqınqda protokol tərtib etmişdilər. Qeyd olunanlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8- ci Yoxlamaların nəticələrinin rəsmiləşdirilməsi və yoxlama nəticələri üzrə qərarın qəbul edilməsi fəsilində 31-ci Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi maddəsinə də ziddir. Belə ki, yoxlayıcılar tərəfindən müvafiq yoxlama aktı rəsmiləşdirilərək «Vedi» kafesinin sahibinə təqdim edilməmişdir. Yuxarıda göstərdiyi kimi, sonradan, yəni qanunsuz toplanmış yoxlama materiallarına baxarkən da yoxlayıcılar və yoxlama aparan orqanın rəhbərliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, yoxlama materiallarına baxarkən həmin Qanunun 32-ci Yoxlama materiallarına baxılması, 33-cü Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər maddələri ümumiyyətlə nəzərə alınmamışdır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsində isə göstərilmişdir ki, yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. Yoxlayıcılar tərəfindən «Vedi» kafesində tərtib olunmuş 26 oktyabr 2023-cü il tarixli MN1521063 nömrəli və 30 oktyabr 2023-cü il tarixli MN1521068 nömrəli inzibati xəta haqqında qanunsuz protokollarda guya Zemfira Qafarova tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXMnin 220.1-ci maddəsi öz əksini 23-cü Əhalinin sanitariya-gigiyena və sanitariyaepidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar fəslində, 447.0.3-cü maddəsi isə öz əksini 35-ci Ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində tapmışdır. Belə olan halda sual doğurur «Vedi» kafesinin sahibi Zemfira Qafarova hansı ticarət və əhalinin sanitariya-gigiyena, sanitariya-epidemioloji salamatlığı qaydalarını pozmuşdur? Zemfira Qafarovanın bu kimi hüquqa zidd əməlləri nədən ibarət olmuşdur? Qanunsuz protokollarda göstərilən inzibati xətalar baş verərkən Zemfira Qafarovanın hərəkətlərində hansı yüngülləşdirici və ya ağırlaşdırıcı hallar olmuşdur? Bu sualların cavabı nə inzibati xəta haqqında protokollarda, nə də ki, onların əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarda tapmaq olmur. Zemfira Qafarova hansı hərəkəti etməli idi və ya hansı hərəkəti etmədiyinə görə inzibati xəta törətmişdir? Azərbaycan Respublikası İXM-nin 447-ci İstehlakçıların hüquqlarının pozulması maddəsində göstərilən inzibati xətanın obyekti əmtəələrin istehsalı və satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) prosesində istehlakçılara istehsalçılar və ya satıcılar arasında yaranan ictimai münasibətlərdən ibarətdir. Bu inzibati xəta subyektiv cəhətdən qəsdlə törədilir. İstehlakçı-Azərbaycan Respublikasının «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli qanununun 1-ci maddəsinə əsasən- şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs dir. Satıcı dedikdə isə alqı-satqı əməliyyatını aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar nəzərdə tutulur.Azərbaycan Respublikasının «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli qanununun 3-cü maddəsində isə istehlakçıların hüquqları göstərilmişdir. «Vedi» kafesi və onun işçiləri istehlakçıların hüquqlarını heç bir halda pozmamışlar. 26 və 30 oktyabr 2023-cü il tarixdə «Vedi» kafesində qanunsuz yoxlama aparan yoxlayıcılar kafenin və kafenin işçiləri tərəfindən istehlakçıların hüquqlarının pozulması faktlarını aşkar etməmişdilər. Yoxlayıcıların qablaşdıraraq plombladıqları malların istehlakçılara satılması və ya onlara hazırlanan qidalarda istifadə edilməsi nəzərdə tutulmamışdır. Belə bir hal baş verməmişdir. Yoxlayıcılar kafedə hazırlanan yeməklərə və müştərilərə təqdim olunan digər ərzaqlara baxış keçirmiş, yeməklərdən nümunələr götürmüş və onların arasında qablaşdıraraq plombladıqları malların nümunələri aşkar olunmamışdır. Kafedə həmin ərzaqlardan istifadə edilməmişdir. Burada xüsusi olaraq diqqətə həmçinin çatdırmaq istəyir ki, Azərbaycan Respublikası İXM-nin 220-ci maddəsi Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması maddəsinin obyektini sanitariya və gigiyena qaydalarının qorunması və əhalinin sağlamlığının müdafiəsi ilə bağlı yaranan ictimai münasibətlər təşkil edir. Bu inzibati xətanın bilavasitə obyekti xüsusi təşkil olunmuş qaydada və yerlərdə yeyinti məhsullarının hazırlanması, saxlanılması və satışı, daşınması zamanı sanitariya və gigiyena qaydalarına əməl edilməməsidir. Bu inzibati xəta subyektiv cəhətdən qəsdlə və ya ehtiyatsızlıq üzündən törədilə bilər. «Vedi» kafesində əhalinin qidalanmasının təşkilində və ya yeməklərin və içkilərin hazırlanmasında, onların saxlanmasında və əhaliyə satılmasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması halları baş verməmişdir. Bu kimi faktlar yoxlayıcılar tərəfindən aşkar olunmamışdır. Bundan başqa, «Vedi» kafesinin fəaliyyəti dövründa heç bir istehlakçı, müştəri kafenin fəaliyyətindən və ya təqdim olunan xidmət və qidadan narazı qalmamış, şikayət etməmişdir. Bu kimi hallar mövcud deyildir. Belə ki, «Vedi» kafesi müştəriləri sağlam qida ilə təmin etmək məqsədi ilə öz fəaliyytində gigiyena tələblərinə daima əməl etmiş, işçi heyətini tibbi müayinədən keçirmiş, kafedə son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və ya mənşəyi məlum olmayan qida məhsullarından istifadə edilməmiş və bu tip məhsullar ümumiyyətlə kafeyə alınmamış və istifadə edilməmişdir. Bütün məhsullar Bakı şəhərində fəaliyyət göstərən və qida təhlükəsizliyi qeydiyyatında olan market və topdan satış dükanlarından qanuni olaraq alınmışdır. Həmçinin, «Vedi» kafesi qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən, qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən tələblərə cavab verən formada quraşdırılmış avadanlıqlarla təhciz edilmişdir. Müvafiq qurumlar tərəfindən kafedə vaxtlı-vaxtında sanitar-epidemioloji xidmətlər həyata keçirilmiş, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmışdır. Bu barədə lazımi sübutlar yoxlayıcılar Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadəyə yoxlama zamanı təqdim edilmiş, həmçinin həmin quruma ünvanlanmış vəsatətlərə də əlavə olunaraq göndərilmişdir. Bu kimi sübutları məhkəməyə də təqdim edirik. Göründüyü kimi, «Vedi» kafesi, onun işçiləri və vəzifəli şəxs Zemfira Qafarova istehlakçıların hüquqlarını, həmçinin əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarını pozmamış və vəzifəli şəxs Zemfira Qafarovanın hərəkətlərində AR İXMnin 220.1 və 447.0.3-cü maddələrinin tərkibi yoxdur. Buna görə də həmin maddələrlə Zemfira Qafarova barəsində tərtib olunmuş protokollar qanunsuz və əsassızdır. Protokollar qərəzli olaraq tərtib olunmuşdur. Həmçinin, nə vaxtdan və hansı qanuna əsasən 2 başqabaşqa vaxtlarda rəsmiləşdirilmiş inzibati xəta haqqında protokolların əsasında 1 inzibati tənbeh vermə haqqında qərar qəbul olunur? Və ya 1 inzibati xətaya görə 2 inzibati xəta haqqında protokol tərtib olunur? Bundan başqa, nəzərə alınmalıdır ki, 26 oktyabr 2023-cü il tarixli MN1521063 nömrəli inzibati xəta haqqında protokolda Zemfira Qafarova tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi göstərilsə də, 07 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN1314737 nömrəli qərarda Məcəllənin 447.0.3-cü maddəsində müəyyən edilən inzibati xətaya münasibət bildirilmişdir. Digər, yəni 220.1-ci maddəyə heç bir münasibət bildirilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsindən göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Qida X1-Xızı Regional Bölməsi tərəfindən qəbul olunmuş qərarda müxtəlif vaxtlarda törədilmiş bir neçə inzibati xətaya dair işlərin 1 icraatda birləşdirilməsinə dair və eyni vaxtda baxılmasına dair hər hansı bir qeyd yoxdur. Yəni, Qida X1-Xızı Regional Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq başlanılmış inzibati xətaya dair iş uydurma olduğuna görə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar da qanunsuz və absurddur. Özlərinə nəyin bahasına olursa-olsun «Vedi» kafesinin sahibini cərimələndirmək məqsədini qoyan vəzifəli şəxslər məhz buna görə həmin qanunsuz protokollara baxılmasında Zemfira Qafarovanın iştrakını təmin etməmiş və onun vəsatətlərinə də məhəl qoymadan barəsində inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul etmişdilər. Zemfira Qafarova heç bir inzibati xəta törətməmiş və onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyildir. Qəbul edilmiş və tərtib olunmuş prosessual sənədlər barədə Qida X1-Xızı Regional Bölməsi tərəfindən rəsmi məlumat verilməməsi, onların nüsxələrinin təqdim edilməməsi Bölmə tərəfindən Zemfira Qafarovanın hüquqlarını kobud pozmuşdur. Belə ki, Azərebaycan Respublikası İXM-nin 6-cı (Qanunçuluq prinsipi) maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Zemfira Qafarovanın şikayət etmək hüququ pozulmuşdur. 26 oktyabr 2023-cü il tarixdə Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə tərəfindən «Vedi» kafesində aparılan qanunsuz yoxlama zamanı kafenin işçilərinin qida məhsulları saxlanılan soyuducusunda kafedə müştərilərə satış və qida hazırlayarkən istifadə edilməsi nəzərdə tutulmayan 5 balon turşu qanunsuz olaraq qablaşdırılmış və plomblanmışdır. Belə ki, yoxlayıcılar kafenin işçilərinə məxsus həmin ərzaq məhsullarını, yəni 1 ədəd 3 kiloqramlıq balonda bibər, 1 ədəd 3 kiloqramlıq balonda pərpətöyün, 1 ədəd 3 kiloqramlıq balonda çerri pomidoru, 1 ədəd 3 kiloqramlıq balonda badımcan və 1 ədəd 3 kiloqramlıq balonda pomidor turşusunu üzərində guya markalanması olmaması bəhanəsi ilə qablaşdıraraq plomblamışlar. 30 oktyabr 2023-cü il tarixdə isə həmin vəzifəli şəxslər kafedə qanunsuz yoxlama apardıqları zaman həmin soyuducuda müvəqqəti saxlamaya qəbul edilmiş kafenin sahibi Zemfira Qafarovaya məxsus ərzaq məhsulları: 4 ədəd 3 kiloqramlıq balonlarda qatıq, 1 ədəd 3 kiloqramlıq balonda xiyar turşusu, 2 kiloqramlıq balonda bibər turşusu, 1.5 kiloqram sarımsaq turşusu, 1.1 kiloqram hisə verilmiş balıq, 1.7 kiloqram hisə verilmiş toyuq boğazı və 2.6 kiloqram ət qablaşdırılaraq plomblamışlar. Yoxlayıcılar bunu həmin məhsullardan guya şibhələndikləri ilə bağlı etdiklərini bildirmişdilər. Hansı ki, hər iki halda həmin məhsulların alınmasına dair kassa çekləri və digər müşaiyət edici sənədləri yoxlayıcılara təqdim edilmiş, həmçinin həmin məhsulların kafedə istifadəsinin nəzərdə tutulmaması, yalnız müvəqqəti saxlanılması barədə məlumat və müvafiq akt təqdim edilmişdir. Göründüyü kimi, «Vedi» kafesində satılması və ya istifadə edilməsi nəzərdə tutulmayan ərzaq məhsullarının, yoxlayıcılar tərəfindən qablaşdırılaraq plomblanması, yəni hər hansı bir məhdudiyyət tətbiq etməkləri barədə inzibati xəta haqqında protokollarda hər hansı bir qeyd mövcud deyildir. Sonradan Qida X1-Xızı Regional Bölməsinin rəisi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarda da bu ərzaq məhsullarının və kafedən götürülmüş sənədlərin talehi barədə müvafiq qeydlər edilməmişdir. Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin işçiləri «Vedi» kafesində apardıqları yoxlama zamanı, həmçinin inzibati xəta haqqında protokollar tərtib edərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən nə onun, nə də ki, kafenin digər işçilərinin izahatlarını almamışlar. O, kafedə olmadığı zaman kafedə rəhbərliyin hansı işçiyə həvalə olunmasını müəyyən etməmişlər. Hətda Bölmənin rəhbər vəzifəli şəxslərinin adlarına ünvanladığı vəsatətləri belə nəzərə almayıb, onui və ya nümayəndəni dəvət edib izahatını almadan, dinləmə, araşdırma aparmadan qanunsuz qərar qəbul etmişlər. Vəzifəli şəxs qismində onu qanunsuz olaraq məsuliyyətə cəlb etmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin işçiləri Azərbaycan Respublikası İXMnin yuxarıda göstərilmiş maddələrini kobud surətdə pozmuşlar. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarını rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin rəisi İrfan İsgəndərov tərəfindən qəbul olunmuş 07 noyabr 2023-cü il tarixli MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və müvafiq ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndələri X12 və X13 eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida X1-Xızı Regional bölməsinin nümayəndəsi Azər Tağızadə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli yoxlamanın aparılması haqqında qərardan görünür ki, fiziki şəxs X10 (VÖEN **********) yoxlanılacaq sahibkarlıq subyektinin adı, yoxlamanın növü planlı olmaqla başlama tarixi 25 oktyabr 2023-cü il, başa çatmaq tarixi 31 oktyabr 2023-cü il müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi fiziki şəxs X5 (VÖEN **********) plan üzrə növbəti nəzarət növündə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cari fəaliyyətinin yoxlanması ilə bağlı qeydiyyyatdan 21 sentyabr 2023-cü il tarixdə keçmiş və xx.xx.2023-cü il tarixdə aparılan planlı yoxlama ilə bağlı 13 adda sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Z.Qafarovaya göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Vedi kafesinin rəhbəri X6 məxsus evindəki soyuducusu siradan çıxdığına görə ona məxsus aşağıda adları göstərilən ərzaq məhsulları daşınaraq Vedi kafesinə müvəqqəti olaraq soyuducu təmir edilənədək saxlanılması üçün kafenin soyuducusuna yerləşdirilmişdir. Kafenin soyuducusunda saxlanılması üçün qəbul edilən ərzaq məhsulları 1) təxminən 0,5 kq Ankor yağı, 2)1 kq pendir, 3) 4 balon qatıq 4) 20 ədəd yumurta, 5) 1 banka sarımsaq turşusu, 6) 2,5 kq ət, 7) 1 balon xiyar turşusu, 8) 1 balon bibər turşusu, 9) 1,5 kq hisə verilmiş toyuq boğası, 10) 1 kq hisə verilmiş balıq, 11) 100 qram krevetka, 12 ) 300 qram çuğundur. Azərbaycan Respublikası Qida X2 Regional Sınaq laboratoriyasından hazır yeməkdən götürülmüş sınaq protokolundan görünür ki, sınağın nəticəsi uyğundur kimi qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Qida X2 – Xızı regional bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə səlahiyyətli nümayındə Elxan Qarayevin iştirakı ilə aktı nümunələrin seçilib laboratoriyaya təqdim olunması üçün seçmişlər. Həmin məhsullar saxsı qablarda qatıq – 21 ədəd, şüşə bankada 3 litrlik qatıq – 4 banka, 1 ədəd 3 litrlik xiyar turşusu, 2 kq bibər turşusu, 1,5 kq sarımsaq turşusu, hisə verimiş balıq – 1,1 kq, toyuq boğazı hisə verimiş – 1,7 kq, krevetka – 100 qram, ət 2,6 kq. Qeyd olunan mallar Zenfira Qafarovanın şəxsi mallarıdır, Vedi kafesinə aidiyatı yoxdur, soyuducunun işləməməsi səbəbindən evdən gətirilmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli planlı yoxlama barədə aktdan görünür ki, Azərbaycan Respublikası Qida X2 – Xızı regional bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə səlahiyətli nümayındə Elxan Qarayevin iştirakı mal əti sousundan nümunə götürülmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikası X3 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Vedi kafesi” müəssisədə dezinfeksiya, Deratizasiya işlərinin görülməsi ilə bağlı akt tərtib edilməsi, soyuducuda mənşəyi məlum olmayan, markalanması olmayan 21 ədəd saxsı qabda qatıqü, müşayətedici sənədləri təqdim edilməyən ət və balıq məhsulları, hisə verilmiş boğaz, markalanması olmayan müxtəlif növ turşular və s aşkar edildi. Nəticədə vəzifəli şəxs X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.1 və 447.0.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası X3 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmədə müqəyyən edilmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-Xızı Regional Bölməsinin böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə «Vedi» kafesinə gəlmiş və planlı yoxlama aparılmış, 26 oktyabr 2023-cü il tarixli protokol və müvafiq akt tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan və protokoldan görünür ki, Vedi kafesinin rəhbəri X6 məxsus evindəki soyuducusu siradan çıxdığına görə ona məxsus aşağıda adları göstərilən ərzaq məhsulları daşınaraq Vedi kafesinə müvəqqəti olaraq soyuducu təmir edilənədək saxlanılması üçün kafenin soyuducusuna yerləşdirilmişdir. Kafenin soyuducusunda saxlanılması üçün qəbul edilən ərzaq məhsulları 1) təxminən 0,5 kq Ankor yağı, 2)1 kq pendir, 3) 4 balon qatıq 4) 20 ədəd yumurta, 5) 1 banka sarımsaq turşusu, 6) 2,5 kq ət, 7) 1 balon xiyar turşusu, 8) 1 balon bibər turşusu, 9) 1,5 kq hisə verilmiş toyuq boğası, 10) 1 kq hisə verilmiş balıq, 11) 100 qram krevetka, 12 ) 300 qram çuğundurdan ibarətdir. Aktda həmin məhsulların laboratoriyaya təqdim etmək üçün götürülməsi qeyd olunsa da həmin məhsullar, hətta aktda qeyd olunmayan başqa qida məhsulları da plomblanmaqla Zenfira Qafarovanın saxlancına verilmişdir. Məhkəmədə qeyd olunan məhsullar şikayət verən şəxsin nümayəndəsi tərəfindən nümayiş edilmiş və hisə verilmiş balıqla birlikdə müəyyən sənədlərin də bağlanaraq plomblanması, plomblanan məhsulların aktda qeyd olunduğu kimi bu günkü günədək laboratoriyaya aparılmaması və inzibati iş üzrə araşdırmanın aparılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyəti nəzərdə tutur.Məhkəmədə müəyyən edilmişdir ki, X10 iştirakı olmadan barəsində qərar qəbul edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXMin 220.1, 447.0.3-cü maddəsi ilə təqsirli bilinib 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə X4 Sumqayıt Regional Bölməsi X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat versə də, onun işin baxılmasının təxirə salınmasına dair xahişini nəzərə almamış, iş üzrə sübutların təqdim edilməsi və öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bundan başqa məhkəməyə şikayət verən şəxsin nümayəndələri tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli baytarlıq şəhadətnamələrindən, həmçinin 17 oktyabr 2023-cü il tarixli 007997 saylı sanitar-epidemioloji Xidmətlərin göstərilməsinə dair müqavilə, ölçmə vasitələrinin yoxlanması haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu Publik hüquqi şəxs tərəfindən fiziki şəxs Zemfira Paşayevaya verilmiş şəhadətnamə, 28 dekabr 2022-ci il tarixli 012k/22 saylı Vedi kafesinin işçilərinin iş vaxtı normal qidalanmasının təmin edilməsi məqsədilə əmr və digər iş üçün əhəmiyyət kəsb edən sənədlər, həmçinin Vedi kafesinin müdiri tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli vəsatətlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 07 noyabr 2023cü il tarixli qərar qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmədə X5 göstərilən inzibati xətanı törətməkdə təqsirli olub olmaması ilə bağlı iş üçün əhəmiyyət kəsb edən sübutlar araşdırılmadan qərar qəbul edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar