Məhkəmə qərarları › İş №3(012)-2104/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2104/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2104/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1; 264.0.1 və 271-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-də əmələ gələn qarışıq tullantıların ərazidə qalaqlanması, formalaşan çirkab sularının Daşagil gölünə təmizlənmədən axıdılması, müəssisədən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə zərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs MMC-nin direktoru X4 izahatında bildirdi ki,Şəxs MMC-nin direktorudur. Protokolda qeyd olunanların hər biri əsasızdır. Protokol qərəzli olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında olan protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 001896 saylı aktdan görünür ki, 07 iyun 2024-cü il tarixində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Daşagil gölünün ətrafında X6 Monitorinq idarəsinin 06 iyun 2024-cü il tarixli 058 npmrəli sərəncamına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Daşagil gölünün ətrafında yerləşən əsas fəaliyyət növü dəri emalı olan Şəxs MMC-nin ətraf ərazisində XKEMİ-nin Mərkəz direktoru Qabil Məsmalıyev, baş mühəndisi Rüstəm Əsgərovun iştirakı ilə ekoloji monitorinq keçirilmişdir. Baxış zamanı istehsalatda formalaşan kəskin iy-qoxusuna səbəb olan dəri qalıqlarının və digər tullantıların açıq ərazidə qalaqlanması və yandırılması məlum oldu. Tullantıların açıq havada ərazidə qalaqlanması zamanı yaranan kəskin iyqoxunun küləkli havada qəsəbə əarzisində saat 15:00-15:30-da aparıldı. Ankat 64M3-03 səyyar cihazı vasitəsilə ölçmə analiz işləri aparıldı. Ölçmənin nəticələrinə görə atmosfer havasında NH3 (ammonyak) 0,5 mq/m3 (norma 0,2 mq/m3 ) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Akt 2 nüsxədən ibarət olmaqla tərtib olundu. Ölçmə işləri zamanı çəkilmiş fotoşəkillər akta əlavə olundu. Monitorinq zamanı müəssisənin mühafizə xidmətinə rəhbərliyin monitorinqdə iştirak etməsi ilə bağlı məlumat verilsə də nümayəndə verməkdən imtina edildi. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 86891 saylı aktdan görünür ki, RER Modern Hides» MMC-yə məxsus dəri emalı sahəsində formalaşan qarışıq (istehsalat və məişət) tullantıların ətraf ərazilərə atılması, yandırılması, müəssisədən atmosfer havasına atılan zərərli maddələrinin miqdarının yol verilə bilən normadan artıq olması, istehsalat sahəsindən tullantı sularının birbaşa Daşagil gölünə axıdılması üzrə tərəflərindən MMC-nin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə araşdırma aparıldı. Araşdırma zamanı RER Modern Hides» MMC-nin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində X1 mülkiyyətində olan torpaq sahəsində fəaliyyət göstərdiyi məlum oldu. XKEMİ əmıkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə RER Modern Hides» MMCninətraf ərazilərində atmosfer havasında ANKAT 64M3-03 qaranalizator cihazı vasitəsilə aparılan ölçmə zamanı atmosfer havasında havasında NH3 (ammonyak) 0,5 mq/m3 (norma 0,2 mq/m3 ) təşkil etmişdir, bu da ətraf mühit üçün yolverilən norma həddindən artıqdır.Eyni zamanda monitorinq zamanı yandırılması, atmosfer havasında iy-qoxunun yayılması məlum olmuşdur. Tərəflərindən aparılan araşdırma zamanı Şəxs MMC-də formalaşan qarışıq tullantıların (istehsalatda formalaşan dəri qalıqları, məişət tullantıları və s)boş torpaq sahəsində qalaqlanması, müəssisədə əmələ gələn tullantı-çirkab sularının təmiz\lənmədən birbaşa "xxxx" gölünə axıdılması müəyyən olundu.MMC-nin səlahiyyətli nümayəndəsi X5 rəsmi yazılı izahat verməkdən, o cümlədən müvafiq sənədləri təqdim etməkdən imtina etdi.Bununla da Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 41, 47-ci, “Atmosfer havasının mühafizəsi haqqında” qanunun 14,27,28-ci; Su Məcəlləsinin 04, 05, 103-cü maddələrinin tələbləri pozulmuşdur. - Məhkəmə proses iştirakçısını işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 271-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Fotoşəkillərdən də görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün ətrafında qalaqlanmış dəri qalıqları vardır. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1,264.0.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir.. "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə əsasən atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir: atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır: qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasını keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır; İnsanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır; Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir; Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir; texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacaqın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir; müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İnzibati Xətalar Məcəlləsinin 34.3- cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, barəsində daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 233.1-ci maddəsi ilə barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar