Məhkəmə qərarları › İş №3(012)-2116/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2116/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2116/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs aliment borcunu ödəmədiyindən 3360 manat məbləğində borcu yaranmışdır və nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, borclu Şəxs ötən müddət ərzində 1560 manat məbləğində aliment ödənişi həyata keçirmişdir. Hazırda isə onun 1800 manat məbləğində aliment borcu vardır. Bununla bağlı 28 noyabr 2023-cü il tarixdə tələbkar Əliyeva X3 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədini imkanı çatdığı qədər icra etmişdir. Hazırda 1560 manat məbləğində aliment borcunu ödəmişdir. Maddi gəlirləri yaxşı olmadığına görə, imkanı çatdığı qədər ödənişləri həyata keçirmişdir. Alimenti ödəməkdən yayınmayıb və yayınmayacaqdır. Yaxın gələcəkdə yenə də aliment ödənişləri edəcəkdir. Onun barəsində olan inzibati xətalara dair işə qanuni əsaslarla baxılıb qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsində yazılanları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun müəyyən hissəsini kart vasitəsi ilə ödədiyini, uşaqların saxlanması üçün alimentin zamanında ödənilməli olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 12 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 dekabr 2022-ci il tarixdən və 01 mart 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə olunmuş tələbkar Zərərçəkmiş şəxs tərəfindən 28 noyabr 2023-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədi üzrə borclu Şəxs hazırda 2023-cü ilin noyabr ayı da daxil olmaqla 1800 manat aliment borcu mövcuddur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 12 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 dekabr 2022-ci il tarixdən və 01 mart 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda borclu Şəxs tərəfindən icra sənədinə uyğun olaraq 1560 manat məbləğində aliment borcu ödənilmişdir. Məhkəmə iclasında borclu Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi sübutlarla təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan - icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə işin faktiki hallarından da görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədini qismən icra etmişdir. Qeyd olunan icra sənədi üzrə 1560 manat məbləğində aliment ödənişi etmişdir. Belə olan halda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunan inzibati xəta tərkibi yaratmır. Borclu Şəxs icra vərəqəsini qismən də olsa icra etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı icra sənədinin icrasından yayınmadığı halda, onun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar