Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2125/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərarından şikayət verilən Abşeron RPİ-nin DYP-nin inspektoru orqanın nümayəndəsi: X1 Qərardan şikayət verən şəxs: X2 iştirakı ilə, X5 tərəfindən Abşeron rayon Polis İdarəsinin Dövlət X10 18 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş 18 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Zaur Mürşüdov ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, 08 avqust 2025-ci il tarixdə, təxminən saat 00:10-da qardaşı X3 mülkiyyətində olmaqla, etibarnamə əsasında idarə etdiyi “X14” markalı və modelli, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Saray qəsəbəsi ərazisində, məhəllə arası yolda özünə məxsus bağ evinə doğru hərəkət edərkən, sonradan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 olduğunu bildiyi şəxs tərəfindən saxlanıldıqdan sonra, sonuncu ona yaxınlaşaraq heç bir yoxlama aparmadan avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildirdi. O, sərxoş vəziyyətdə olmadığı, 07 avqust 2025-ci il tarixdə, saat 19 radələrində 0,33 ml ölçülü bir ədəd sadə pivə içdiyini desə də, inspektor Qalib Mirzəyev guya ondan spirtli içki qoxusu gəldiyini iddia etmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasını istədikdə, o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitənin — alkotesterin xidməti avtomobildə olmadığını, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə getməli olduqlarını, orada olarkən müayinədən keçiriləcəyini dedi. O, sərxoş vəziyyətdə olmadığına əmin olduğundan, onunla razılaşdı. Onu da qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci maddəsinə əsasən, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, nəqliyyat vasitəsi duracağa aparılmalı olduğu halda, saxlanıldığı yer onun bağ evinə yaxın olduğundan, dərhal ayıq vəziyyətdə və sürücülük hüququ olan qardaşı Əli Mürsüdov həmin yerə yaxınlaşıb avtomobili özü idarə edib istənilən yerə aparmağa razı olacaqlarını bildirsə də, inspektor buna imkan vermədi. Onları həmin yerə post-patrul xidməti çağırmaqla hədələdiyindən məcbur qalıb onunla razılaşmış, bundan sonra Qalib Mirzəyev onun avtomobilini, digər ekipaj üzvü olan, tanımadığı polis mayoru isə xidməti avtomobili idarə etməklə onları əvvəlcə “VAZ dairəsi” adlanan ərazinin yaxınlığında yerləşən müvəqqəti duracağa gətirib, “X14” markalı və **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobili orada qoymağa məcbur etdilər. Qeyd edir ki, bu barədə heç bir akt tərtib edilməmiş və ona təqdim olunmamışdır. Daha sonra oradan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə getmişlər. Şöbəyə gəldikdən sonra inspektor Qalib Mirzəyev haradansa sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitə — alkotester gətirib, həmin vasitənin nəfəs verilməsi nəzərdə tutulan hissəsinə üfürməyimi tələb etdi. Həmin yerə üfürdükdən sonra göstəriciyə özü baxıb, guya onun 0,76 promil miqdarda sərxoş vəziyyətdə olduğunu dedi.O, buna etiraz edərək, 07 avqust 2025-ci il tarixdə, saat 19 radələrində 0,33 ml ölçüdə bir ədəd pivə içdiyini, buna baxmayaraq, 0,76 promil nəticə göstərilməsinin absurd olduğunu bildirmiş və narkoloji dispanserə getməklə sərxoşluq vəziyyətinin həkim tərəfindən müayinəsini tələb etmiş. lakin inspektor əlavə olaraq, müayinəyə ehtiyac olmadığını, növbəti gün şöbəyə yaxınlaşmaqla müvafiq sənədləşmə işlərinin iştirakı ilə aparılacağını dedi və şöbəni tərk etməyini məsləhət gördü. Göründüyü kimi, xüsusi texniki vasitə ilə müayinə nəticəsi ilə razılaşmamasına baxmayaraq, inspektor onu tibbi müayinəyə aparmamaqla İXM-nin 96.2-ci maddəsinin tələblərini pozmuşdur. Onu da qeyd edir ki, o, inspektordan dərhal protokol tərtib etməsini tələb etmiş, həmin protokola etirazını və izahatını yazmaq istədiyini bildirsə də, inspektor “sabaha qədər gözləyək, lazim olsa, sabah protokol tərtib ediləcək, hələ rəsmiləşdirmirəm” sözlərini demiş, lakin buna baxmayaraq, alkotesterin nəticə vərəqəsində saat 19 radələrində bir ədəd 0,33 ml ölçüdə pivə qəbul etdiyini, sərxoş vəziyyətdə olmadığını və həkim müayinəsinə getməyi tələb etdiyini qeyd etmişdi. O, şöbədən çıxıb dərhal Sumqayıt şəhər rayonlararası narkoloji dispanserə müraciət etmiş, 08 avqust 2025-ci il tarixdə saat 01:04-də həmin dispanserdə 09100667 seriya nömrəli, 00753 qeydiyyat nömrəli “Jupiter X” markalı alkotester vasitəsilə sərxoşluq vəziyyəti müayinə olunarkən, ümumiyyətlə sərxoş vəziyyətdə olmadığı, 0,0 faiz sərxoşluq vəziyyətində olduğu müəyyən edilmiş və bu barədə ona 5127 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və alkotesterin göstəricisi təqdim edilmişdir. Növbəti gün Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə müraciət edərkən, onun işinin şöbənin inzibati binasında yerləşən 8 nömrəli otaqda xidmət aparan əməkdaşa həvalə edildiyi izah edilmiş, həmin otağa daxil olarkən, mülki geyimdə olan və özünü Seyid kimi təqdim edən şəxsə 5127 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və alkotesterin göstəricisini təqdim edib, sərxoş vəziyyətdə olmadan barəsində qanunsuz inzibati tədbir görülməsini bildirmişdir. Həmin şəxs sənədlərə baxaraq avtomobilin duracağa yerləşdirildiyini bildirdi və həmin aktın heç bir əhəmiyyətinin olmadığını, onlarla “razılaşmayacağı” halda protokol tərtib ediləcəyini dedi. Bundan başqa, guya onun müayinədən gec keçməyini əsas gətirərək, daha sonra cəriməni yerində özünə ödəməyimi təklif etdi, belə olan halda protokol tərtib edilməyəcəyini bildirdi. Əks halda sənədlərin məhkəməyə göndəriləcəyini və sürücülük hüququndan 1 (bir) il müddətinə məhrum ediləcəyini demiş, lakin o,, özünə əmin olduğundan, hər hansı qanunsuz vəsait ödəməkdən imtina etmiş, tərtib edilən protokolu və ya varsa qərarı təqdim etməsini tələb etmişdir. Həmin şəxs isə protokolun ünvanına, materialların isə hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndəriləcəyini, ona hər hansı sənəd verilməyəcəyini bildirdə o, etiraz etməyib şöbəni tərk etmişdir. Növbəti dəfə, 11 avqust 2025-ci il tarixdə sənədləşmənin nəticəsini öyrənmək və hazırlanmışdırsa, protokolun surətini almaq üçün şöbəyə gedib, 8-ci otaqda xidmət aparan, mülki geyimdə olan və özünü Seyid kimi təqdim edən şəxsin qəbulunda olarkən, o, yenidən ilk dəfə onu qəbul edəndə dediyi sözləri təkrarlayıb protokolu vermədən onu yola saldı, lakin yola salarkən avtomobilini duracaqdan götürə biləcəyini dedi. 11 avqust 2025-ci il tarixdə avtomobili duracaqdan buraxıldı. Bir müddət gözləsə də, yaşadığı ünvana heç bir sənəd göndərilmədiyindən, 20 avqust 2025-ci il tarixdə yenidən həmin şöbəyə gedib, Seyid adlı şəxsin qəbulunda olarkən o, barəsində 08 avqust 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati xətə haqqında protokol tərtib olunduğunu, 18 avqust 2025-ci il tarixdə isə barəsində eyni maddələrlə inzibati xətə haqqında qərar çıxarıldığını, həmin qərara əsasən materiallar məhkəməyə göndərilmədən 400 manat məbləğində cərimə olunduğunu bildirdi. Protokolun indiyədək ona hansı səbəbdən təqdim edilməməsi, protokoldan ilk gündən narazı olduğu halda hansı səbəbdən qərar çıxarılması və sənədlərin baxılması üçün məhkəməyə göndərilməməsi barədə verdiyi suallara isə heç bir cavab vermədiyindən sənədləri götürüb şöbəni tərk etmişdir. Onu da bildirir ki, İXM-nin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətə haqqında iş üzrə protokolda (inzibati xətə haqqında iş üzrə qərarda) qeyd edilməli olduğu halda, ona təqdim edilən qərar və protokolda belə məlumatların olmadığını görmüşdür. Bildirir ki, 07 avqust 2025-ci il tarixdə axşam saat 19 radələrində 0,33 ml ölçülü bir ədəd şüşədə pivə içmiş, təxminən 5 saat sonra isə Saray qəsəbəsi ərazisində, məhəlləarası yolda, bağ evimə çatmağa az qalmış polis əməkdaşları tərəfindən saxlanılmış, o, isə həmin vaxt içkili olmamışdır. Polis əməkdaşları tərəfindən ilk dəfə alkotesterlə yoxlanılarkən nəticə ilə razılaşmayıb, həkim müayinəsinə getmək istədiyini bildirsə də, bu tələbim yerinə yetirilməmiş, sonradan Sumqayıt şəhər rayonlararası narkoloji dispanserdə müayinə olunarkən, ümumiyyətlə sərxoş vəziyyətdə olmadığı müəyyən edilmişdir. Bundan başqa, qərar və protokolla tanış olarkən guya onun xarici işıq cihazlarından istifadə qaydalarını pozduğuma görə saxlanıldığım qeyd edilsə də, bildirir ki, bu yalandır. O, heç bir xarici işıq cihazından istifadə qaydalarını pozmamışdır. Materiallara bu barədə hər hansı təsdiqedici sənəd, sübut (video və ya fotoşəkil və s.) əlavə edilməmişdir. Göründüyü kimi, barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. Odur ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin polis mayoru X6 tərəfindən çıxarılmış olan “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək, barəmdə olan inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Dövlət X10 inspektoru X4 şikayət ərizəsinə etiraz edərk, bildirmişdir ki, sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, hərəkətlərindən onun spirtli içki təsiri altında olmasına şübhə yaranmışdır. Verilən suallara cavab olaraq həmin sürücü bakal pivə qəbul etdiyini və hüçənin başlanğıcına qədər ayıq sürücü xidmətindən istifadə etdiyini, evinə yaxın oduğu üçün ayıq sürücünü yola salaraq cəmi 20-30 metr nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. Yoxlama zamanı onun içkili olduğu müəyyən edilmişdir. Qərarın əsaslı olduğunu, ləğv edilməsi üçün hər hansı bir halın olmadığını, bildirməklə şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Polis İdarəsinin Dövlət X10 18 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 08 avqust 2025-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, sonuncu bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır; 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir; 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır; 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir; Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, alkotesrlə müayinə edildiyi zaman alkotestrin nəticəsində sərxoşluq vəziyyəti müəyyən edilmiş, tibbi müayinədən keçirilməsini tələb etdiyini bildirsə də, bu iş materialları ilə təsdiq edilmir. Həmçinin özü də etiraf edir ki spirtli içki olan pivə qəbul etmiş və ayıq sürücü xidmətindən istifadə etmişdir. Sonradan öz təşəbbüsü ilə müayinədən keçmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı rəy almış, lakin həmin rəyin alınmasına qədər 2 saata qədər vaxtın keçməsi sərxoşluq dərəcəsinin aşağı düşməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir, onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 33.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X2 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güddüyündən və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş 18 avqust 2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abusət Qasımov