Məhkəmə qərarları › İş №3(012)-213/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-213/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-213/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Abşeron RPİ-nin X8 polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Yeni Məhəllədə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin X8 polis sahə rəisi, polis mayoru İbrahim Qədirov izahat verərək bildirmişdir ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri xx.xx.2024-cü il tarixdə Qobu kəndində xidmət apararkən Göygöl 2 tərəfindən verilən məlumat əsasında onlar Baş Dövlət Yol İdarəsinin Yol Patrul Xidməti Alayının İİİ Tağım Müşviq qəsəbəsində yerləşən YPX Postuna yaxınlamışlar. Hadisə yerində onlara 2 nəfər sürücünün polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək müvafiq sənədləri təqdim etməkdən, həmçinin yük avtomobillərinin oxa düşən çəki parametrlərinin yoxlanılması məqsədi ilə nəqliyyat vasitəsini tərəziyə çıxarmaqdan imtina edərək, küçə söyüşləri ilə polis orqanları əməkdaşlarını təhqir etməsi və ictimai qaydaları kobudcasına pozması məlum olmuşdur. Həmin şəxsləri dəfələrlə intizama dəvət etsələr də onlar sakitləşməmiş, şəxsiyyəti sonrdan ona məlum olan Şəxs özünü Qarabağ müharibəsi iştirakçısı kimi qələmə verərək daha aqressiv hərəkətləri və intizamsızlığı ilə fərqlənmişdir. Onlar polisin qanuni tələblərinə tabe olmadıqları üçün barələrində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün bölməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, inzibati xəta ilə bağlı özünü təqsirli bilir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Shacman” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə normadan artıq çınqıl yükləyərək Bakı-Quba Magistral yolu istiqamətində hərəkət etmişlər. Həmin gün saat 22-23 radələrində Siyəzən rayonu ərazisində yerləşən postdan keçən zaman polis əməkdaşları ona saxla əmri versələr də o, normadan artıq yüklə avtomobil idarə etdiyi üçün ona cərimə tətbiq edilməməsi üçün əmrə tabe olmayaraq, hərəkətini davam etdirmişdir. O, yük avtomobi ilə Müşviq Postuna yaxınlaşan zaman polis əməkdaşları onu saxlayıb avtomobili dayanacağa yerləşdirmişlər. xx.xx.2024cü il tarixdə onun avtomobilinin oxa düşən çəki parametrlərinin yoxlanılması məqsədi ilə nəqliyyat vasitəsini tərəziyə çıxarmalı olması bildirdikdə o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. O, əlavə olaraq bildirdi ki, polisə qarşı göstərmiş olduğu tabesizliyin səbəbi normadan artıq yüklə avtomobil idarə etdiyi üçün ona cərimə tətbiq edilməməsi ilə bağlı olmuşdur. O, bu yolla nəqliyyat vasitəsini tərəziyə çıxarmaqdan yayınmaq, ona cərimə təyin edilməsinin qarşısını almaq istəmişdir. Polis əməkdaşları ilə onun arasında mübahisə təxminən bir saat müddətində davam etmişdir. Özünü elə bu səbəbdən yalandan Qarabağ müharibəsinin iştirakçısı kimi qələmə vermişdir. Törətmiş olduğu inzibati xəta ilə bağlı əməlindən peşman olmasını və himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşviq postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati hadisəni əks etdirən videogörüntü ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, polis əməkdaşlarından üzrxahlıq etməsini, əməlindən peşman olmasını və himayəsində üç azyaşlı övladının olmasını cəzaasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs törətdiyi əməli etiraf edərək, əməlindən çox peşman olmasını səmimi olaraq göstərmişdir. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növünün aşağı həddində tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on gün) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsinə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar