Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-214/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədirliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Abşeron rayon Pİ-in Mehdiabad PB-in sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X4, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə, xx.xx.1967-ci il tarixdə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in Mehdiabad PB-si tərəfindən tərtib edilmiş 05.02.2022ci il tarixli, MN ******* və 05.02.2022-ci il tarixli, MN ******* saylı protokollar və material daxil olmuşdur. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Pİ-in Mehdiabad PB-in sahə rəisi, polis kapitanı X5 izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yaşayan Ağayeva X6 rayon Pİ-nə ərizə ilə müraciət edərək, 26.10.2021-ci il tarixdə yaşadıqları Mehdiabad qəsəbəsindəki evində cavab qaytardığına görə aralarında yaranmış mübahisə zamanı keçmiş əri Şəxs əli ilə onun boğaz nahiyyəsini sıxdığını, kürək və baş nahiyyəsindən əli ilə vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında 05.11.2021-ci il tarixli qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Mehdiabad PB-nə göndərilmişdir. Bundan başqa Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yaşayan Ağayeva X6 rayon Pİ-nə ərizə ilə müraciət edərək, 25.12.2021-ci il tarixdə yaşadıqları Mehdiabad qəsəbəsindəki evində cavab qaytardığına görə aralarında yaranmış mübahisə zamanı keçmiş əri Şəxs onu yerə yıxaraq, arxadan başını yerə vurduğunu, stolla və yumruqla baş nahiyyəsindən vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında 06.01.2022-ci il tarixli qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Mehdiabad PB-nə göndərilmişdir Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 157-ci maddələrinə əsasən 05.02.2022-ci il tarixli, MN ******* və 05.02.2022-ci il tarixli, MN ******* saylı protokollar tərtib edilmişdir. Sözügedən ailə bölmədə münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs keçmiş əridir. Aralarındakı narazılıqlara əsasən bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Rəsmi ayrılsalar da Şəxs ilə bir evdə yaşayırlar. Şəxs Vüsalə adlı qadınla münasibət saxlayır. 26.10.2021-ci il tarixdə yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki evdə olarkən Elşən həmin qadınla əlaqə saxlayarkən, onun barəsində xoşagəlməz sözlər demişdir. Bunu eşitdikdən sonra Elşənə öz iradını bildirərəkən, Elşən üstünə gəlmiş, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elşən onun boğazından sıxmış, kürək və baş nahiyyəsindən əli ilə vuraraq, onu döymüşdür. Bundan sonra onları qızı Aytən aralaşdırmışdır. Sonra döyülməsi barədə DİN-in 102 qaynar xəttinə zəng edərək müraciət etmişdir. Bundan sonra 25.12.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki evdə olarkən Elşən əlaqə saxladığı qız ilə əlaqə saxlayarkən, onun barəsində yenidən xoşagəlməz söhbətlər sözlər dediyini və həmin qadına SMS yazdığının şahidi olmuşdur. Daha sonra Elşənin mobil telefonunu götürərək, öz otağına keçmiş, Elşənin telofonunda olan yazışmaları öz mobil telefonuna köçürmüşdür. Telefonu Elşənə qaytararkən Elşən onu nalayiq söyüşlərlə söyüb təhqir edərkən Elşənə cavab qaytarmışdır. Həmin vaxt Elşən onu yerə yıxaraq, arxadan başını yerə vurmuş, stolla və yumruqla baş nahiyyəsindən vuraraq, onu döymüşdür. Sonra döyülməsi barədə Abşeron rayon Pİ-in Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. Şəxs əvvəllər də analoji olaraq, ona qarşı etdiyi hərəkətlərə görə barəsində Cinayət işinin başlanması rədd edilməsi barədə qərarlar qəbul edilmiş və sonuncunun barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X7 eyni məzmunlu ifadə verməklə inzibati xəta törətmiş Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikah pozulsa da onlar Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən bir evdə yaşayırlar. Ayrıldıqdan sonra Vüsalə adlı bir qadınla münasibət qurmuş, Seylan isə bunu qəbul etməyərək, daima onunla mübahisələr etmişdir. 26.10.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları evdə olarkən qısqanclıq zəmnində onunla mübahisə etmiş, mübahisə zamanı Seylan onun və vəfat etmiş valideynlərinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Bundan əsəbiləşərək, Seylanın ağız nahiyyəsindən tutaraq, dartmış, əsəbilərini cilovlaya bilmədiyindən bir dəfə sillə ilə vurmuşdur. Daha sonra evdə olan qızı Aytən onları aralaşdırmışdır. Seylana özü qeyd etdiyi xəsarətləri yetirməmişdir. Bundan başqa onun münasibətdə olduğu qadınla Vhatsaap yazışmalarını Seylan izləmiş və həmin qadına nalayiq sms-lər yazdığından Seylanla dəfələrlə aralarında mübahisə düşmüşdür. 25.12.2021-ci il tarixdə yaşadığı evində saxladığı kirayəşindən pul alaraq, kirayəçini evdən çıxartmışdır. Seylandan nəyə görə belə etdiyini soruşduqda, aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Seylan onun və vəfat etmiş valideynlərinin ünvanına təhqiredici sözlər deyərək, ona əl-qol ataraq, onu vurmağa çalışmışdır. Həmin vaxt qızı Aytən onları aralaşdıraraq, Seylanı yataq otağına aparmışdır. Zərərçəkmiş şəxs vurmamış, nə də döyməmişdir. Zərərçəkmiş şəxs onun barəsində əvvllər də əsassız şikayətlər etmiş, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlar qəbul edilmişdir. Hazırda həmin qərarların birindən yəni, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 300 manat miqdarında cərimə edilməsinə dair qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə haqqında Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs vəkili Vəkil eyni məzmunlu ifadə verməklə 26.10.2021-ci il tarixli epizod üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon Pİ-in Mehdiabad PB-si tərəfindən tərtib edilmiş 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə, digər epizod üzrə isə tərkib olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs onun valideynləridir. Onlar məhkəmə qətnaməsi əsasında boşansalar da Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə birlikdə yaşayırlar. Valideynlərinin arasında baş vermiş hadisələrin birinin şahidi olmuşdur. 25.12.2021-ci il tarixdə evdə, öz otağında olarkən, valideynlərinin mübahisə etdiklərini eşitmiş, onlar olan otağa keçərkən atası Elşənin anası Seylanı əli ilə itələdiyini görüb, onları sakitləşdirmişdir. Daha sonra öz uşağı ilə məşğul olmuşdur. Atasının anası Seylanı vurmasını görməmişdir. X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs onun valideynləridir. Onlar məhkəmə qətnaməsi əsasında boşansalar da Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə birlikdə yaşayırlar. Valideynlərinin arasında baş vermiş hadisələrin birinin şahidi olmuşdur. 25.12.2021-ci il tarixdə baş vermiş hadisə zamanı evdə olmamışdır. 26.10.2021-ci il tarixdə evdə olarkən atası Elşən və anası Seylan bir-birlərini təhqir edərək mübahisə etmişlər. Atası Elşən anası Seylanı həmin vaxt vurmamış, nə də döyməmişdir. Atası Elşən 02.04.2021-ci il tarixdə baş verən hadisədə anası Seylanı bir dəfə sillə ilə vurduğunun şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 03.11.2021-ci il tarixli, 2584 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – hər iki yanaq nahiyyəsinin sıyrıqları, sağ yanağın və alt dodağın selikli qişalarının səthi əzilmiş yaraları küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə yəni 26.10.2021-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları, dırnaqlar və sair) tərəfindən əmələ gələ bilmələri mümkündür; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə-tibbi ekspertizasının 06.01.2022-ci il tarixli, 3097 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alın və ənsə nahiyyəsinin hematomaları, qarının və sağ diz oynağı nahiyyəsinin qançırları küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə yəni 25.12.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə kənar şəxs (lər) tərəfindən əl, yumruq, təpik və taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər; sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin başlanması rədd edilməsi barədə 23.04.2021-ci il tarixli, HK-1-400 saylı qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-ni TŞ-in göndərilmişdir. Abşeron rayon Pi-in Mehdiabad PB-si tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilərək, 300 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. 09.02.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat miqdarında cərimə edilməsinə dair 28.09.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə haqqında Abşeron Rayon Məhkəməsindən xahiş etmişdir. Cinayət işinin başlanması rədd edilməsi barədə 05.11.2021-ci il tarixli, HK-1-1427 saylı qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-ni TŞ-in göndərilmişdir. Cinayət işinin başlanması rədd edilməsi barədə 06.01.2022-ci il tarixli, HK-1-1757 saylı qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-ni TŞ-in göndərilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1.ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, iş materiallarından görünür ki, Şəxs 05.02.2022-ci il tarixli, ******* saylı protokolda qeyd olunan inzibati xətanı 26.10.2021-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-si tərəfindən 05.11.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol isə 05.02.2022-ci il tarixdə tərtib edilmiş və sözügedən protokol baxılması üçün 05.02.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi tarixdən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati məsuliyyətə cəlb edilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmədə Şəxs 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin və şahidin izahatları, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni inzibati xətanı il ərzində təkrar törətməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Abşeron rayon Pi-in Mehdiabad PB-si tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda sonuncunun şikayəti məhkəmənin icraatındadır. Qanunun mənasına görə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra inzibati tənbeh almış şəxs hesab edilir. Ona görə də sözügedən qərarın qüvvədə qalıbqalmaması barədə nəticə olmadığına görə Şəxs eyni inzibati xətanı il ərzində təkrar törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon Pi-in Mehdiabad PB-si tərəfindən tərtib edilmiş 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməli, digər 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 8, 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon Pİ-in Mehdiabad PBsi tərəfindən tərtib edilmiş 05.02.2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-214/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-214/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver