Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-214/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobustan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin polis sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Müşviq DYP postunda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs inzibati xəta haqqında protokol ilə tanış olmuş və imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs etibarnamə əsasında idarə etdiyi “Shacman” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Quba rayonu, Vəlvələ kəndində yerləşən daş karxanasından qanunla müəyyən edilmiş normadan artıq yük vuraraq Bakı-Quba magistral yoluna çıxmışdır. Siyəzən rayonu ərazisində 707 saylı stasionar postunun əməkdaşları tərəfindən sürücüyə saxla əmri verilsə də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və hərəkətlərini davam etdirmişlər. Daha sonra Müşviq postunda sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi yük avtomobili duracağa yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sürücü avtomobili tərəziyə çıxarmaqdan imtina etmiş, polis əməkdaşları ilə mübahisə edərək onları təhqir etmiş, həmçinin polis əməkdaşlarını telefon vasitəsilə videoya çəkərək onları şantaj etmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, o, sürücü işləyir. xx.xx.2024-cü il tarixdə Quba rayonu, Vəlvələ kəndində yerləşən daş karxanasından normadan artıq yük götürdüyü üçün Siyəzən rayonu ərazisində yerləşən postda polis əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. Daha sonra Müşviq postunda polis əməkdaşları onları saxlamış və yük avtomobilini duracağa yerləşdirmişdir. Yük avtomobilini tərəziyə çıxartmaq üçün xx.xx.2024-cü il tarixdə tanışı X4 ilə birlikdə yenidən Müşviq postuna getmişlər. X2 ilə polis əməkdaşları arasında mübahisə baş vermiş, lakin inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi o, polis əməkdaşlarını təhqir etməmiş və yük avtomobilini tərəziyə çıxarmaqdan imtina etməmişdir. Ona görə də, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman sürücü X4 və Şəxs yük avtomobillərini tərəziyə çıxarmayaraq tabesizlik göstərmişlər. X4 onlara qarşı nalayiq ifadələr işlətmiş, Şəxs isə telefon vasitəsilə onları videoya çəkmiş və yük avtomobillərinin tərəziyə çıxmasına mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X9 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman sürücü X4 və Şəxs yük avtomobillərinin tərəziyə çıxmasına mane olaraq xidməti fəaliyyətlərini və ictimai asayişi pozmuşlar. Həmçinin Şəxs yük avtomobilinin qapısını tutaraq digər sürücüyə kömək etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs istinad edilən əməlləri törətməmiş və şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən maddənin tərkib əlamətləri mövcud deyildir. Ona görə də, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: YPXA-nın 3-cü tağımının komandiri polis mayoru Ürfət Şükürov tərəfindən Abşeron RPİ-nin Qobu PB-nə rəisi polis mayoru Zaur Babazadəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə 710 saylı postda xidmətdə olarkən radio rabitə vasitəsilə 707 saylı stasionar postdan məlumat verildi ki, “Shacman” markalı **-XH-*** və **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin sürücüləri YXP inspektorunun onlara verdiyi saxlama işarəsinə əməl etməyərək Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. Qeyd olunan yük avtomobillərinin hərəkət trayektoriyası müşahidə kameraları ilə izlənilərkən məlum olmuşdur ki, onlar 710 saylı YPX postu istiqamətində hərəkət edirlər. Həmin avtomobillər 710 saylı postda tərəflərindən saxlanılmışdır. X1 və Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək müvafiq sənədləri təqdim etməkdən, həmçinin yük avtomobillərinin oxa düşən çəki parametrlərinin yoxlanılması məqsədilə nəqliyyat vasitəsini tərəziyə çıxarmaqdan imtina edərək küçə söyüşləri ilə polis orqanları əməkdaşlarını təhqir etmiş, ictimai qaydaları kobudcasına pozmuşlar. xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də, başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1 -ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-214/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-214/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver