Məhkəmə qərarları › İş №3(012)-215/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-215/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-215/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə X3 Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin MN ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin MN ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati protokolu əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə 40-cı Yol Polis Bölməsinə şikayət etmək məqsədilə gedərkən SMS icazə müddətinin bitməsi əsas kimi göstərilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından göründüyü kimi sağlamlıq vəziyyəti ilə əlaqədar müalicə alır. Ödəniş etmək üçün maddi imkanı yoxdur. Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati protokolu əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından razı olmadığını bildirsə də izahatında xx.xx.2020-ci il tarixdə 40-cı Yol Polis Bölməsinə şikayət etmək məqsədi ilə gedərkən SMS icazə müddətinin bitməsi əsas gətirilərək barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmədə müəyyən edimişdir ki, X3 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin MN ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin MN ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X3 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar