Məhkəmə qərarları › İş №3(012)-215/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-215/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-215/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 barəsində AR DİN DYP idarəsinin və Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumi məbləği 3293 manat cərimələrin ləğv edilməsi haqqında protokoldan verdiyi şikayət ərizəsinə 09.02.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində AR DİN DYP idarəsinin və Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş protokollar üzrə ümumi məbləği 3293 manat cərimələrin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, X1 ərizəsində inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş edir. Ərizənin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qərar deyildir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsini əks edərək tərtib edilir və həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən tərtib edildiyi vaxtdan 48 saatadək müddətində baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd edilən baxış nəticəsində İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində göstərilən qərarlardan biri çıxarılır və yalnız bundan sonra həmin Məcəllənin 33-cü fəsli ilə müəyyən edilmiş qaydada şikayət (və ya protest) etmə hüququ yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Beləliklə, mövcud qanunvericiliyə görə, protokol tərtib edildikdən sonra, hakimə (yaxud digər səlahiyyətli orqana) göndərilir və protokola (işin digər materialları və halları ilə birlikdə) baxılmasının nəticəsi üzrə şəxsin inzibati xətanın törədilməsində təqsirli olubolmaması müəyyən edilir, qərarla razı olmayan şəxsə onun şikayət etmək hüququ izah edilir. Hesab edirəm ki, həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə və ya müvafiq səlahiyyətli orqana göndərildikdən sonra, protokola baxılarkən ərizəçi protokolda qeyd edilənlərə etirazını bildirə bilər. Hazırkı vəziyyətdə protokoldan şikayətə baxılması və ya protokolun ləğv edilməsi istisna edilir. Ona görə də ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində AR DİN DYP idarəsinin və Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumi məbləği 3293 manat cərimələrin ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar