Məhkəmə qərarları › İş №3(012)-2156/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2156/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2156/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Polis İdarəsindən baxılaraq hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 oktyabr 2024-cü il tarixdə, saat 20:15 radələrində «X1 minik» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin işıqlar xüsusi sayrışan işıqlar deyil. Belə ki, qeyd olunan tarixdə xidməti zərurətlə əlaqədar Kəlbəcər rayonundan evinə qayıdarkən 1-ci qrup əlil olan övladının skuterini enerji yığması üçün avtomobilinə taxmışdır. Bu zaman gecə saatları olduğu və yorğun olduğu üçün həmin işıqların yandığına diqqət etməmişdir. Yanacaqdoldurma məntəqəsindən geri qayıdan zaman və həmin vaxt işıqlar sönülü olduğu halda yol polisi əməkdaşı onu saxlamış və bildirmişdir ki, gəldiyi istiqamətdə yol patrul xidməti əməkdaşları onun sayrışan işıqlardan istifadə etdiyini görmüş və yenidən qoşmasını tələb etmişdir. O, skuteri qoşmuş və bildirmişdir ki, bu əşya xüsusi (çoxavazlı) səs və ya sayrışan işıqlar deyil, skuterin aksessuarıdır. Lakin polis əməkdaşları bununla belə onun barəsində protokol tərtib etmişdir. Qeyd olunan aksessuarın xüsusi (çoxavazlı) səs və ya sayrışan işıqlar olmadığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 04 oktyabr 2024-cü il tarixdə, saat 20:15 radələrində «X1 minik» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdıraraq idarə etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” haqqında 04 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi «X1 minik» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomaşını öz hərəkəti ilə duracağa yerləşdirmişdir. Məhkəmə iş materiallarını,dvd diski və maddi sübutu nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Lakin qeyd olunan inzibati xəta haqqında tərtib edilmiş protokolda və ona əlavə olunmuş digər sənədlərə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili idarə edən zaman istifadə olunmuş işıqların xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları olduğunu təsdiq edəcək heç bir mötəbər sübut (sübutlar) əlavə edilməmişdir. Belə ki qeyd olunan qurğunun xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnallar olduğunu təsdiq edən mütəxəssis rəyi iş materiallarına əlavə edilməmiş, ümumiyyətlə “Nəqliyyat vasitəsini baxış keçirilməsi” və ya “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi” barədə protokol tərtib edilməmişdir. Belə ki, həmin işıqlar Şəxs məhkəmə iclasında verdiyi izahatına görə övladının skuterinin aksessuarı olmuşdur və həmin aksessuar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaratmır. Hüquq ədəbiyyatlarından da məlum olduğu kimi inzibati xətanın tərkibi 4 elementdən ibarətdir: inzibati xətanın obyekti, inzibati xətanın obyektiv tərəfi, inzibati xətanın subyekti, inzibati xətanın subyektiv tərəfi. İnzibati xətanın obyektiv tərəfi törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. İnzibati xətanın obyektiv tərəfinin əsas elementini ictimai təhlükəli, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) təşkil edir. Əgər inzibati xətada qeyd etdiyimiz əlamətlərə malik olmayan əməl yoxdursa, deməli burada heç bir inzibati xəta yoxdur. Göründüyü kimi hazırkı iş üzrə avtomobilin xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları istifadə edilmiş və nəticədə şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemi, yəni inzibati xətanın obyektiv tərəfi tamamlanmamışdır. Həmçinin şəxsin əməlində inzibati xətanın elementlərindən olan subyektiv cəhətlər də yoxdur. Belə bir vəziyyətdə protokol tərtib etmiş şəxs tərəfindən şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bütün yuxarıda qeyd olunanlardan isə müəyyən edilir ki, inzibati xəta haqqında protokol mövcud şübhələr əsasında tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməlin törədilməsinə dair mötəbər sübutlar, yəni maddi sübut kimi götürülmüş əşyanın məhs xüsusi səs və sayrışan işıq siqnalı olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut(məsələn mütəxəssis rəyi) təqdim olunmamışdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, hazırki iş üzrə Şəxs barəsində İXM-in 342.9-cu maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 327.1-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılmamalıdır. Həmin maddə ilə nəzərdə tutulmuş əmələ inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Abşeron Rayon Polis İdarəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar