Məhkəmə qərarları › İş №3(012)-2158/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2158/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2158/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, aparılan monitorinq zamanı "xxxx" MMCyə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşagil gölünün ətrafında yerləşən iribuynuzlu heyvan dərilərinin istehsal edən müəssisə tərəfindən bərk tullantıların ərazidə qalaqlanması, zərərli maddələrin miqadarının yol veriləbilən həddən artıq olması, çirkab suların su hövzəsinə axıdılması müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-məsləhətçi müfəttiş X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, X3 Monitorinq İdarəsinin 058 nömrəli, 06 iyun 2024-cü il tarixli, Sumqayıt və Abşeron inzibati rayonu ərazisində ətraf mühitə antropogen təsirləri olan idarə təşkilat, müəssisə və iaşə obyektlərində kompleks ekoloji monitorinq keçirilməsinə, həmçinin Tullantılar haqqında qanunun tələblərinin yerinə yetirilmə vəziyyətinin öyrənilməsi məqsədilə tərəflərindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün ətrafında yerləşən bir sıra müəssisələrdə ekoloji monitorinq keçirilmişdir. Əsas fəaliyyət növü iribuynuzlu heyvan dərilərinin istehsalı olan "xxxx" MMC-də keçirilən monitorinq zamanı müəssisədə formalaşan, kəskin iy-qoxuya səbəb olan bərk tullantıların ərazidə qalaqlanması müşahidə olunmuşdur. Müəssisənin rəhbərliyi monitorinqə dəvət olunsa da iştirak etməkdən imtina etmişdir. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə sabit hava şəraitində saat 1400 -1420 radələrində Ankat 64M3-03 səyyar cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən ammonyak qazının miqdarının NH3-0,4 mq/m3 (norma:0,2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Əsas fəaliyyət növü dəri emalı olan "xxxx" MMC və "xxxx" MMC-də keçirilən monitorinq zamanı müəssisələrdə formalaşan, kəskin iy-qoxuya səbəb olan dəri qalıqlarının və digər tullantıların açıq ərazidə qalaqlanması və yandırılması müəyyən olunmuşdur. Monitorinq keçirilən zaman müəssisənin mühafizə xidmətinə rəhbərliyin monitorinqdə iştirak etməsi ilə bağlı məlumat verilsə də, nümayəndə göndərməkdən imtina etmişdirlər. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə sabit hava şəraitində saat 1430 -1500 radələrində Ankat 64M3-03 səyyar cihazı vasitəsilə müəssisələrin ətraf ərazilərində analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən ammonyak qazının miqdarının "xxxx" MMC-də NH3-0,5 mq/m3 (norma:0,2 mq/m3), "xxxx" MMC-də NH3-0,4 mq/m3 (norma:0,2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli, 86889 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 86889 saylı aktdan görünür ki, X3 Monitorinq İdarəsinin 06 iyun 2024-cü il tarixli, 058 nömrəli məktubunun icrası ilə əlaqədar Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün ətrafında ekoloji monitorinq keçirilmiş, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə sabit hava şəraitində saat 1400 -1420 keçirilmiş monitorinq zamanı məlum olmüşdur ki, həmin ərazidə yerləşən "xxxx" MMC-yə məxsus iribuynuzlu heyvan dərilərinin istehsal edən müəssisə tərəfindən ammonyak qazının miqdarının NH- 0,5 mq/m³ (norma:0,2 mq/m³) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən normadan artıqdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 001894 saylı aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi vəziyyətinə nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və X3 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə Sumqayıt və Abşeron inzibati rayonu ərazisində mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirin məqsədi rayon ərazisində ətraf mühitə antropogen təsirləri olan idarə təşkilat, müəssisə və iaşə obyektlərində kompleks ekoloji monitorinq keçirilməsinə, həmçinin Tullantılar haqqında qanunun tələblərinin yerinə yetirilmə vəziyyətinin öyrənilməsindən ibarətdir. İdarənin müvafiq sərəncamına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün ətrafında yerləşən "xxxx" MMC-yə məxsus iribuynuzlu heyvan dərilərinin istehsal edən müəssisədə ekoloji monitorinq keçirilmişdir. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə sabit hava şəraitində saat 1400 -1420 radələrində Ankat 64M3-03 səyyar cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən ammonyak qazının miqdarının NH3-0,4 mq/m3 (norma:0,2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu, həmçinin müəssisə tərəfindən bərk tullantıların ərazidə qalaqlanması, zərərli maddələrin miqadarının yol veriləbilən həddən artıq olması, çirkab suların su hövzəsinə axıdılması müəyyən edilmişdir. Məhkəmə proses iştirakçısını işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Fotoşəkillərdən də görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün ətrafında qalaqlanmış dəri qalıqları vardır. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1, 264.0.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir.. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə əsasən atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir: atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır: qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasını keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır; İnsanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır; Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir; Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir; texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacaqın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir; müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, barəsində daha ciddi xəta hesab olunan İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir.. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 264.0.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 233.1-ci maddəsi ilə barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar