Məhkəmə qərarları › İş №3(012)-216/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-216/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-216/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 və X7, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi Səfərov Qanboy oğlunun iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, yeni massivdə olan (VOEN: **********) Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7,44,49-cu maddələrinin tələbləri pozularaq X10 əmək müqaviləsi (kontraktı) bağlanılmadan və hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, araşdırma zamanı təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, işəgötürən Şəxs MMC tərəfindən X10 ilə 01 noyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilədə işçi X10 tərəfindən imza çəkilməmişdir. İnzibati xətanın sübuta yetirildiyi nəzərə alınaraq, 31 yanvar 2022-ci il tarixdə protokol tərtib olunmuşdur. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, X10 boş səbəblərə görə şikayət etmişdir, onun əmək müqaviləsi olmadan işə cəlb olunduğuna dair heç bir sübut yoxdur. X10 şəxsiyyət vəsiqəsini təqdim etdiyi gündən, yəni 01 noyabr 2019-cu il tarixdən onunla əmək müqaviləsi bağlanmış və işlədiyi müddətdə isə X10 işə məsuliyyətsiz yanaşmış, işə gəlməmiş və ona işə qayıtmadığı halda işdən azad olunacağı barədə xəbərdarlıq olunmuşdur. X10 13 dekabr 2021-ci il tarixdə ərizə yazaraq işdən azad olunmasını xahiş etmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, müddətin keçməsi ilə əlaqədar işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Şəxs MMC-nin direktoru Arzu Ələsgərov tərəfindən X4 Sumqayıt regional ərazi şöbəsinə ünvanlanmış 14 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdən KARVAN 2002 MMC-nin Mingəçevir üzrə anbarında fəhlə vəzifəsində işləmişdi. Son zamanlar Elvin Kərimova işdən mütəmadi olaraq yayınması və kobudluq etməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə ona bütün bunlar barədə irad bildirilən zaman, o bölgə müdiri X1 təhqir etmiş və işə gəlməyəcəyini bildirmişdir. Elvin Kərimov xx.xx.2021- il tarixdən bir neçə gün üzrsüz səbəbdən işə çıxmamışdır. Ona dəfələrlə mobil telefonla xəbərdarlıq edilməsinə baxmayaraq o, bütün bunlara məhəl qoymadan işdən yayınmasını davam etmiş və işə çıxmaması ilə əlaqədar irad bildirildikdə isə cavabında banklara krediti olduğu üçün heç kimin onu işdən çıxara bilməyəcəyini demişdir. Bütün bunları nəzərə alaraq Elvin Kərimovun ünvanına şirkət tərəfindən teleqrama göndərilmiş, məhz bundan sonra barəsində ciddi tədbirlərin görüləcəyin anlayan Elvin Kərimov şirkətin rəhbərliyindən onu öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir Bunu nəzərə alaraq şirkət rəhbərliyi humanist addım ataraq Elvin Kərimovu xx.xx.2021-ci il tarixi ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən öz xahişi ilə işdən azad etmişdir. Bütün bunlardan sonra onun tərəfindən şirkətə qarşı şikayət etməsi heç də təqdirə layiq bir hal kimi dəyərləndrilmədi. Elvin Kərimovun 259, 86 AZN məbləğində olan son ödənişi isə xx.xx.2021-ci il tarixdə kart hesabına köçürülmüşdür. - İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən anbarda fəhlə vəzifəsinə qəbul olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilə əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən X6 01 noyabr 2019-ci il tarixdə qeydə alınmış əmək müqaviləsinə Şəxs MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə xitam verilməsi elektron sistemdə qeydə alınmışdır. - Əmək müqaviləsinin (kontraktı)nın surətindən görünür ki, X10 01 noyabr 2019-cu il tarixdən etibarən Şəxs MMC-də 01 noyabr 2019-cu il tarixdə fəhlə kimi işə cəlb edilmişdir. Həmin müqavilə müddətsiz olmaqla, işin birinci üç ayı sınaq müddəti hesab edilmiş, hər ay 300 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. - Şəxs MMC üzrə 13 dekabr 2021-ci il tarixli 217/296a nömrəli əmrdən çıxarışın surətindən görünür ki, 13 dekabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən fəhlə X10 işdən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. - 01 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, X10 Şəxs MMC-yə müraciət edərək fəhlə işinə qəbul edilməsini xahiş etmişdir. - 01 noyabr 2019-cu il tarixli, K56/109-19 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X10 aylıq əmək haqqı ştat cədvəlinə əsasən hesablanaraq Şəxs MMC-yə işə qəbul edilmişdir. - 13 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, X10 Şəxs MMC-yə müraciət edərək fəhlə işindən azad olunmasını xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xitam verilməsi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "Karvan 2002” MMC tərəfindən inzibati xətanın törədilməsi sübuta yetmədiyindən və onun əməlində İXM-in 192.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-263/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 7-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin məzmununa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Məhkəmə zamanı müəyyən edildi ki, X6 01 noyabr 2019-cu il tarixdə Şəxs MMC-də fəhlə kimi işə cəlb edilməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmış, işəgötürənə elektron qaydada məlumat göndərilmiş və həmin tarixdən işçi ilə işəgötürən arasında əmək münasibəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yananıq Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətanın törədilmə yeri və vaxtı, o cümlədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı aydın və anlaşılan formada göstərilməli olduğu halda, hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətanın törədilmə yeri və vaxtı göstərilməmiş, o cümlədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.1, 106.0.3, 106.0.4, 106.0.5, 106.0.6 və 106.0.7-ci maddələrinin məzmununa görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aidiyyatını; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini; işin icraatını rədd edən hallar mövcudluğunu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması, iş üzrə vəsatətlər və etiraz etmənin olması məsələlərini həll etməlidir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından və "Karvan 2002” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 38.1 -ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İnzibati orqan tərəfindən inzibati xəta haqqında araşdırılma aparılmasını təmin edərkən həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarında göstərilənlərə diqqət yetirməlidir. Hazırki halda inzibati xətanın törədilməsi 01 noyabr 2019-cu il tarixə düşür. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən törədilən inzibati xətanın qanunla müəyyən edilmiş müddəti keçmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar