Məhkəmə qərarları › İş №3(012)-2174/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2174/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2174/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, MİK-08, ev 10/9, mənzil 62də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsinin məsləhətçisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktan görünür ki, “Ford” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Şəxs idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki, həmin vaxt o, ümumiyyətlə sərnişin daşıma ilə məşğul olmamışdır. Habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarına tələb olunan sənədləri təqdim etməkdən imtina etməmişdir. Belə ki, qeyd etdiyi xidmətin əməkdaşları onu ümumiyyətlə saxlamamışlar, ondan hər hansı bir sənəd tələb etməmişlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları sadəcə olaraq öz xidməti avtomobillərindən onun idarə etdiyi və həmin vaxt hərəkətdə olan avtomobilini fotoşəkillərini çəkmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılanşəxsi dinləyərək,məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi sübuta yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ** ZB *** dövlət qeydiyyat nömrəli “Ford” markalı avtomobilinin sürücüsü idarə etdiyi avtomaşınla Abşeron rayonu Masazır qəsəbəsi ərazisində xx.xx.2020-ci il tarixdə saat 09:17-da aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 552-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində yalnız sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs çıxış edə bilər. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ** ZB *** dövlət qeydiyyat nömrəli “Ford” markalı avtomobili ilə sərnişin daşıması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları tərəfindən çəkilmiş və iş materialarına əlavə edilmiş fotoşəkillərdən “Ford” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünun qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etməsi müəyyən olunmur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək vəzifəsi səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən, yəni onun sərnişin daşımasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar