Məhkəmə qərarları › İş №3(012)-218/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-218/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-218/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şəxs Əlfağa oğlu inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X4 oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Təkdam kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X4 oğlu tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin sahə rəisi, polis mayoru X4 oğlu bildirdi ki, xx.xx.2020-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs aldadaraq yaşadığı evinə mebel (stol və stul) düzəldib quraşdırması adı ilə 115 manat nəğd pulunu dələduzluq yolu ilə ələ keçirtməklə nəticədə ona 115 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs Əlfağa oğlu inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Əlfağa oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs Əlfağa oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs Əlfağa oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs Əlfağa oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Əlfağa oğluna ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Əlfağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar