Məhkəmə qərarları › İş №3(012)-2189/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2189/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2189/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 1972-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Goranboy rayon məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(045)- 1646/2022 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 10000 (on min) manat məbləğində borca pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Ağdam rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 04 oktyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra Goranboy rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi 09 oktyabr 2023-cü il tarixdə ərazi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 17 oktyabr 2023-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərara əsasən Abşeron rayonu, 2 saylı Notariat Ofisinin 5201 saylı, 17 dekabr 2020-ci il tarixli Ağdam rayon Məhkəməsinin 2(013)-991/2021 saylı, 12 iyul 2021-ci il tarixli Ağdam rayon Məhkəməsinin 2(013)-233/2022 saylı, 25 fevral 2022-ci il tarixli Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 saylı, 11 sentyabr 2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Abşeron rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 8(012)- 634/2023 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu sonuncu dəfə 08 oktyabr 2023-cü il tarixdə tələbkara 300 manat məbləğində ödəniş edilməklə, cəmi 1800 manat pul ödəmişdir. Borclu tam olaraq icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməməsinin səbəbini işsizlə əlaqələndirilmiş, ona hazırda müəyyən borcdan ödəniş etməsi tələb olunsa da o, yaxın müddətdə ödəyə biləcəyini bildirmişdir. Tələbkar icra şöbəsinə müraciət edərək, borcludan pulun ödənilməsini tələb etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, icra vərəqəsində göstərilən tələbi icra etməkdən imtina etmir, son dövrlərə qədər borcunu vaxtlı-vaxtında 300 manat olmaqla ödəmiş, lakin bir müddət olar ki, işləmədiyindən icra vərəqəsində göstərilən məbləği ödəyə bilməmişdir. Bundan başqa orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -20 dekabr 2022-ci il tarixli, 2(045)-1646/2022 nömrəli Goranboy rayon məhkəməsinin icra vərəqəsinə əsasən Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 10000 (on min) manat məbləğində borca pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. -04 oktyabr 2023-cu il tarixdə qeyd olunan icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -09 oktyabr 2023-cü il tarixdə qeyd olunan icra vərəqəsi ilə bağlı ərazi aidiyyəti Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. -17 oktyabr 2023-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərara əsasən Abşeron rayonu, 2 saylı Notariat Ofisinin 5201 saylı, 17 dekabr 2020-ci il tarixli Ağdam rayon Məhkəməsinin 2(013)-991/2021 saylı, 12 iyul 2021-ci il tarixli Ağdam rayon Məhkəməsinin 2(013)-233/2022 saylı, 25 fevral 2022-ci il tarixli Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 saylı, 11 sentyabr 2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. -12 dekabr 2023-cü il tarixli, Abşeron rayon Məhkəməsinin 8(012)-634/2023 saylı qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcələrini, inzibati xəta törədən şəxsin orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, onun şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar