Məhkəmə qərarları › İş №3(012)-2193/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2193/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2193/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-912/2021 saylı, 23 fevral 2021-ci il tarixli icra vərəqinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin,həmin uşaq 3 yaşına çatana qədər hər ay 50 manat əlavə xərcin tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 6369 manat təşkil edir. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq könüllü şəkildə icra şöbəsinə gəlməmiş və barəsində axtarış elan olunmuş, polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Həmçinin borclu barəsində bir dəfə inzibati tənbeh vermə qərarından sonra onun işləməsi müəyyən edilmiş, hər ay əmək haqqısının yarısı tutulmuşdur. Həmçinin buğun axtarışla tutulub gətirildikdən sonra borc üzrə 450 manat ödəniş edilmişdir. Borclu könüllü şəkildə icra sənədini icra etməkdən yayınır. Hazırda borclunun 6369 manat ödənilməmiş aliment öhdəliyi vardır. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, 2024-cü ilin iyul ayından etibarən işləmiş və aliment borcu əmək haqqına yönəlmişdir. 14 oktyabr 2024-cü il tarixdə, yəni 2 gün əvvəl daha yüksək əmək haqqı alacağı iş tapmış və ona görə də işdən çıxmışdır. Bu gün 450 manat ödəniş etmişdir. Bu gündən etibarən yeni işə başlayacağını və qalıq borcu da hissə hissə ödəyəcəyini bildirərək məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Həmçinin maddi imkanı olmadığı üçün yığılmış aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirdi.Əgər vaxt verilərsə borc üzrə 1000 manat ödəniş edəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X5 inzibati xəta törədən şəxsin yeni iş tapdığını və işa başlayaraq qalıq borcu da ödəyəcəyini, barəsində “həbs” növündə inzibati tənbeh tədbiri tətbiq ediləcəyi şəkildə şəxsin vəziyyətinin pisləşəcəyini və qalıq borcun da ödənilməsində çətinlik yaranacağını bildirərək ona vaxt verilməsini, əgər bu mümkün olmazsa barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş,proses iştirakçıları onun iştirakı olmadan işə baxılmasına etiraz etməmiş, məhkəmə zərərəçəkmişin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-912/2021 saylı, 23 fevral 2021-ci il tarixli icra vərəqinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin,həmin uşaq 3 yaşına çatana qədər hər ay 50 manat əlavə xərcin tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədləri Bakı şəhəri,Nizami rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, daha sonra aidiyyat üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, şöbənin icraatına daxil olmuş və icraata başlanılaraq tərəflərə bu barədə məlumat verilmişdir. Borclu şəxsə qətnamələrin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış, ona rəsmi xəbərdarlıqlar verilmiş, həmçinin barəsində məcburi gətirilmə qərarı və axtarış qərarları verilmişdir. Odur ki, son olaraq barəsində 25 sentyabr 2024-cü il tarixdə axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən tutularaq Abşeron Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1379/2024-cü il tarixli, 28 iyun 2024-cü il il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Zərərçəkmişin Abşeron rayon icra və probasiya şöbəsinə ünvanlandığı ərizədən görünür ki, əgər borclu aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə onun inzibati məsuliyyətə cəlb edilib həbs edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək tam icra edilməməsi, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati tənbehin məqsədinə nail oluna bilməz. Həmçinin məhkəmə araşdırması zamanı şəxsin icra şöbəsinə dəfələrlə dəvət olunmasına baxmayaraq könüllü surətdə icra şöbəsinə gəlmədiyini və barəsində elan olunmuş axtarış nəticəsində polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, bundan sonra özü müəyyən məbləğdə ödəniş etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərdən bu nəticəyə gəlmişdir ki, barəsində məcburi icra tədbirləri istisna olmaqla könüllü surətdə aliment borcunu ödəməyə təşəbbüs göstərməməsi alimentin ödənilməsindən qərəzli olaraq yayınmasına dəlalət edir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (borclu) şəxsiyyətini, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, onun məsuliyyətini yüngülləşdirən halların olmaması nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu şəxs inzibati qaydada həbs edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilsin. Həbsetmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar