Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2255/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X3 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, onun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol X2 Sistemi tərəfindən barəsində tərtib edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı protokoldan heç bir məlumatı olmamışdır. Bu səbəbdən də sözügedən protokoldan vaxtında şikayət verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 130.2-ci maddələrinə müvafiq olaraq buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs Azər Kərimli ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun hazırda mübahisələndiridiyi qərardan keçən il xəbər tutmuşdur. Belə ki, o, barəsində qəbul edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərardan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayəti təmin olunmuşdur. Bundan sonra o, həmin protokolların tərtib edilməsi üçün istinad olunan qərarları əldə etmək üçün dəfələrlə müvafiq orqana müraciət etməsinə baxmayaraq, həmin qərarlar ona təqdim olunmamış və əlavə olaraq “get hara istəyirsən şikayət elə”- deyilmişdir. Həmin qərarlar ona 17 oktyabr 2024-cü il tarixdə təqdim edilsə də, lakin qərarı əldə etməsinə dair rəsmi sənədə qol çəkməmişdir. O, qərarın əldə edilməsi üçün rəsmi qaydada Baş Dövlət Yol Polis İdarəsinə rəsmi müraciət etsə də həmin sübutları hazırda məhkəməyə təqdim edə bilmir. Göstərdiyi halları nəzərə almaqla, buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X3 məhkəmə iclasında barəsində qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı inzibati tənbeh vermə haqqında qərarın əldə edilməsi ilə bağlı yuxarı səlahiyyətli orqana dəfələrlə müraciət etməsini bildirsə də bununla bağlı sübutları təqdim edə bilməmişdir. Bundan başqa o, məhkəmə iclasında həmin qərarın ona 17 oktyabr 2024-cü il tarixdə təqdim edildiyini əsas gətirərək, vaxtında şikayət verə bilmədiyini bildirsə də, lakin onun həmin qərarı rəsmi qaydada nə vaxt əldə etməsi barədə təqdim edəcəyi tutuarlı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən Azər Kərimli tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, EQ 13297686 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2255/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2255/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver