Məhkəmə qərarları › İş №3(012)-2268/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2268/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2268/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ-in xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətini nəzərdən keçirib məhkəmə Müəyyən etdi: DİN BDYPİ-in xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarı ilə X4 Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla yanaşı, X4 yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayət müddətinin ötürməsinə səbəb sözügedən qərardan məlumatı olmamışıdr. Baş verənləri üzrlü səbəb kimi qəbul etməklə, barəsində qəbul olunmuş qərarı müvafiq qaydada mübahisələndirməyə nail olmaq hüququnu nəzərə alaraq, qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 vəsatətin dəlillərini əsaslandırıb, vəsatətin, eyni zamanda şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana – qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, müddətin bərpasına dair vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, müddətin bərpasına dair vəsatət təmin edilməməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, DİN BDYPİ-in xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarı X4 Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; "X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin "Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, "res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Məhkəmə hesab edir ki, X3 DİN BDYPİ-in xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarını rəsmi qaydada aldığı müddətdən qanunvericilikdə müəyyən edilmiş 20 gün müddət ərzində şikayət vermək hüququna malik olduğu halda həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra şikayət vermiş və prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. X3 irəli sürdüyü dəlilin hüquqi əsası yoxdur, ötürülmüş prosessual müddətin bərpasına nail olmağa yönəlmiş süni əsasdır, ona görə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Ona görə də müddətin bərpasına dair şikayətçi X4 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Bununla yanaşı, prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı halda, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayətə də mahiyyəti üzrə baxıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: X3 DİN BDYPİ-in xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmasın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar