Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2274/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı X6 tərəfindən barəsində tərtib olunmuş inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın qismən, yən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinib 333.1-ci hissəsində ləğv edilərək, ləğv olunmuş hissədə iş üzrə icrataa xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Aftandil Əsədov şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, təqribən 2000-ci ildə sürücülük vəsiqəsi alaraq, avtomobil idarə edir. xx.xx.2019-cu ildə yeni sürücülük vəsiqəs alaraq, özünə məxsus "Lexus 470" markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2023 il tarixdə saat 10:05-də Mehdiabad yolunda "Lexus 470" markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonuna zəng gəlmiş və o, telefona cavab vermək istəyərkən qarşıdan gələn DYP YPX-nin polis əməkdaşları ona saxla əmri verdilər. O, avtomobili saxladıqdan sonra özünü sonradan Xüsusi Tağım baş yol inspektoru X2 təqdim edən əməkdaş ona qarşı bir sıra qanunsuz hərəkətlər etmişdir. Belə ki, o, yanındakı digər əməkdaşın vasitəsi ilə onu əyləşdiyi xidməti maşınına çağırmış, o, maşına əyləşdikdən sonra mobil telefonla danışdığına görə qaydaları pozduğunu demiş, daha sonra özündə olan cihazın vasitəsi ilə güya sərxoşluğunu təyin edib əsassız olaraq onu "kefli" olmağında ittiham edərək, aldatma yolu ilə onun avtomobilini Novxanıda yerləşən cərimə meydançasına gətirmişdir. O, telefonla danışmasını etiraf etmiş, lakin "kefli", yəni sərxoş olmadığını desədə, Zeynalov buna heç bir əhəmiyyət verməmiş və buraxılması üçün ona vermək üçün cibində nə qədər pulunun olmasını soruşmuş, o isə cibində 65 manat pulunun olduğunu dedikdə, Zeynalov bu pulun az olmasını, cihaz onun 0,321 dərəcədə sərxoş olduğunu təyin etdiyini bildirmişdir. O, bununla razılaşmadığını dedikdə və gedib həkimdən tibbi müayinədən keçirilməyini tələb etdikdə, polis əməkdaşı onunla razılaşmayaraq, cihazın ən düzgün olmasını və bu səbəbdən barəsində protokol tərib ediləcəyini bildirmişdir. O, saat 11:00 radələrində cərimə meydançasından çıxıb, ictimai nəqliyyata minmiş və həmin gün özü gedib saat 12:15-də sərxoşluqa dair tibbi müayinədən keçmişdir. Aparılan tibbi müəyinə nəticəsində xx.xx.2023-cü il tarixli 2/44051 saylı protokola əsasən onun ayıq olmağı təyin edildi. Axşam saatlarında Baş Dövlət Yol Polis İdarəsinə gedərək, tibbi müayinə protokolunu təqdim etmək istəmiş, lakin heçkəsin olmadığını ora səhər yaxınlaşmalı olduğu bildirilmişdir. Baş vermiş hadisənin səhəri günü o, Baş Dövlət Yol Polisi İdarəsinə gedərək, barəsində tərtib olunmuş tibbi müayinə protokolunu təqdim etmiş, lakin bu protokola heç bir əhəmiyyət verilməyərək, sürücülük vəsiqəsi də alınıb, barəsində inzibati xəta haqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol ona təqdim edilmişdir. O, həmin protokol ilə razılaşmadığı üçün şikayətlə BDYPİ-nə müraciət etmiş, lakin onun şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin əməkdaşı X6 onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilib barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul etmiş və həmin gün qərarı ona təqdim etmişdir. Qərardan narazı olduğu üçün hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin əməkdaşı X6 tərəfindən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın qismən, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 333.1-ci hissəsində ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin tarixdə, saat 10:05 radələrində Mehdiabad yolunda idarə etdiyi “LEXUS 470” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 nəqliyyat vasitəsini idarə edərkən sürücünün telefonu əlində olmaqla ondan istifadəsinə görə saxlanılmış və yoxlama zamanı onun avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/44051 saylı sərxoşluğun vəziyyəti təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 07 noyabr 2023-cü ildə ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırılması zamanı Aftandil Əsədovun xx.xx.2023-cü il tarixdə Mehdiabad yolunda idarə etdiyi “LEXUS 470” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən telefondan istifadə etməsinə görə saxlanılmış, saxlanıldıqdan sonra onun avtomobili sərxoş halda idarə etdiyi aşkar olunmuşdur. Sonuncunun sərxoş olub-olmaması yoxlanılmış və onda 0,321% miqdarında alkoqol əlamətlərinin olması müəyyən edilmişdir. Lakin o, tərtib edilmiş protokolla razılaşmayaraq içkili olmadığını bildirmiş və bu barədə protokola qeyd vermişdir. Buna baxmayaraq DYP əməkdaşı tərəfindən tibbi müainəyə aparılmamışdır. Aftandil Əsədov barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən təxminən 2 saat sonra özü könüllü olaraq həkimə müraciət etmiş və həkim rəyinə əsasən onun sərxoş olmaması müəyyən edilmişdir. (0,100%). "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları" nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 27 iyun 2014-cü il tarixli, № 209 saylı qərarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qanunvericiliyin tələbinə əsasən Aftandil Əsədovun əməlində yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, bundan başqa baş vermiş hadisə zamanı alkotesterlə həkim rəyi arasında əhəmiyyətli dərəcədə ziddiyyət yaranmış olduğundan Aftandil Əsədovun xx.xx.2023-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməsini şübhə altına salır. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, Aftandil Əsədov barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəaları kobud şəkildə pozularaq sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzbati xəta tərkibi sübut edilmədiyindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı X6 tərəfindən Aftandil Əsədov barəsində tərtib olunmuş inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinib 333.1-ci hissəsində ləğv edilərək, iş üzrə icrataa xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2274/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2274/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver