Məhkəmə qərarları › İş №3(012)-2326/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2326/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2326/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1966-cİ il tarixdə Cəbrayıl rayonunun, Xələfli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Cəbrayıl rayonunun, Xələfli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov protokolu müdafiə edərək bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-72/2021 saylı, 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 23000 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 23000 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-72/2021 saylı, 09 mart 2021ci il tarixli icra sənədi üzrə heç zaman borcu ödəməkdən boyun qaçırmamış, sadəcə olaraq maddi imkanı onu vaxtı-vaxtında ödəməyə imkan verməmişdir. Belə ki, o, barəsində hökm qəbul edilənə kimi Azərbaycan Respublikası Tibb Universtetinin “Şüa Diaqnostikası və Terapiyası” Kafedrasında assistent kimi fəaliyyət göstərmiş, vəzifəsində çalışmış, tibb üzrə fəlsəfə doktoru olmuşdur. Lakin onun barəsində qanuni qüvvəyə minmiş hökm olduğundan 2 ildir işləmir, bu səbəbdən borcundan ödəniş edə bilməmişdir. Hazırda növbəti həftənin ilk günündən işə çağırıldığını, işə başladıqdan sonra borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bundan əlavə “Qarabağ müharibə” veteranı olmasını və barəsində hökm qəbul olunanadək tibb sahəsində alim kimi qazandığı böyük uğurlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Elşad Məmmədov çıxış edərək bildirmişdir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, Şəxs 02 ildir ki, iş tapa bilmədiyindən məhkəmə qətnaməsi üzrə yaranmış borcundan ödəniş edə bilməmişdir. İş üçün etmiş olduğu müraciətə cavab gələrək, növbəti həftə işə qəbul olunacağı ehtimalının yüksək olmasını nəzərə alaraq, barəsiundə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-72/2021 saylı, 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 23000 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatlarla birlikdə tədqiq edərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hər hansı qanuni tələbini qəsdən yerinə yetirməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcudolduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Belə ki, sonuncu barəsində müəyyən müddətdə azadlıqdan məhrumetmə barədə qanuni qüvvəyə minmiş hökm olduğundan o, borcunu ödəyə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, borclu Şəxs məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınmamış, işlə təmin olunması üçün müraciətlər etmiş, tələbin icrasının təmin edilməsi üçün təşəbbüs göstərnişdir. Belə olan halda, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar