Məhkəmə qərarları › İş №3(012)-2339/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2339/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2339/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi,polis-leytenantı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis-leytenantı X6 tərəfindən tərtib edilmiş 08 deabr 2023-cü il tarixli,1843930 saylı inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis- leytenantı X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Mehdiyev küçəsi, ev 4-də yaşayan, keçmiş arvadı X4 döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, X5 ilə 1989-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Münasibətləri əvvəl yaxşı olsa da, sonradan münasibətləri pisləşdiyi rəsmi qaydada ayrılsalar da eyni evdə yaşamağa davam etmişlər. Bu müddət ərzində Zenfira bir neçə dəfə onun barəsində şikayət etmişdir. O, yaşadıqları evi satıb ayrılmağı təklif etsə də Zenfira onunla razılaşmamış və onu həmin evdə çərrədib öldürəcəyini demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Zenfira onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əsəbləşərək sonuncunun sifət nahiyəsinə bir dəfə sillə vurmuşdur. Bundan sonra Zenfira onu təhqit etməyə davam etmiş və orada olan kürəkəni Kamran onları sakitləşdirmişdir. O, əlavə olaraq aralarındakı münaqişənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada kürəkəni Kamrandan başqa heç kimin olmayıb. Daha sonra qeyd edib ki, barəsində şikayət edən X4 döyməyib və həmin şəxs tərəfindən ona şər-böhtan atılır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, barəsində şikayət etdiyi Şəxs ilə barəsində şikayət etdiyi Şəxs ilə 1989-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladı olmuşdur. Münasibətləri əvvəllər yaxşı olsa da, sonradan Əlibaba spirtli içki aludəçisi olduğu üçün rəsmi qaydada boşanmış, lakin eyni evdə yaşamağa davam etmişlər. Bir neçə dəfə Əlibabanın barəsində Abşeron RPİ-nə şikayətlər etmişdir. Sonuncu dəfə xx.xx.2023-ci il tarixdə yaşadıqları evdə olan zaman Əlibaba ilə arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı onu əl zərbələri ilə vuraraq döymüşdür. Həmin vaxt evdə olan kürəkəni Kamran İmanov onları aralamışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq keçmiş əri Şəxs ilə aralarında yaranmış münaqişənin 5-10 dəqiqə davam etdiyini və həmin vaxt orada kürəkəni Kamrandan başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X11 hüquqlarını müdafiə etdiyi şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2122 nömrəli rəyindən görünür ki, 1966-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin qançır, sol əlin arxa səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə qey olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi:sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 157-ci maddəsinə görə Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar