Məhkəmə qərarları › İş №3(012)-235/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-235/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-235/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Abşeron rayonu, Novxanı Ərazi Dairəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)-231/2023 nömrəli icra vərəqəsinə əsasən mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçi Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı kəndində yerləşən evinin yeganə çıxışı olan 3 m enindəki yolda avtomobil saxlayaraq, yola şəxsi əşyalar və tullantı materialları yığaraq, müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi, ərizəçinin və valideynlərinin sərbəst giriş-çıxışının məhdudlaşdırılmasına yönəlmiş bütün hərəkətlər cavabdehlər Şəxs, X5, X1 Samir Azad oğluna və onların evinə gələn digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 25 iyun 2023cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının iştirakı ilə 25 iyun 2023-cü il tarixdə akt qəbul edilərək, cavabdehlərə müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi qadağan edilmişdir. Bundan sonra 15 avqust 2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)-231/2023 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs yazılı xəbərdarlıq olunmuş, lakin borclu buna baxmayaraq məhkəmənin icra sənədində göstərilən tələbin icrasıı təmin etməmiş, qərəzli hərəkətlərini davam etdirmişdir. Borclu məhkəmə qərarını icra etmədiyindən onun barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs barəsində icra sənədi olmasına baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsini məhkəmə qərardadı ilə saxlanılmasına qadağa qoyulmuş ərazidə saxlamaqla onun evinə girişçıxışına maneə yaratmış, həmçinin digər şəxslər tərəfindən həmin yerdə nəqliyyat vastəsinin saxlanılmaması barədə onlara heç nə bildirməmiş məhkəmə qərarının həmin hissədə də yerinə yetirilməsinə maneə törətmişdir. Bu barədə ona bildirildikdə əhəmiyyət verməmişdir. Bundan sonra dəfələrlə icra şöbəsinə məlumat verib, qərardadın icrasını tələb etsə də məhkəmə qərardadının icrası təmin edilməmişdir. Ona görə də, sonuncu barədə tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək bildirdi ki, məhkəmə qərardadının icrasından yayınmır, belə ki, icra məmuru və tələbkar tərəfindən qeyd edilən hallar həqiqəti əks etdirmir, nəqliyyat vasitəsini həmin ərazidə saxlayarkən onların dediyi kimi giriş çıxışa mane olmamışdır. Bir dəfə kombinin işləməməsi ilə əlaqədar usta çağırılmış, usta maşını orada saxlamışdır. Onun məlumatı olduğu an müdaxilə etmiş, usta maşını həmin yerdən kənarlaşdırmışdır. Digər hallar isə qərardadan ənnəlki dövrə aiddir. Hazırda tələbkar kimi məhkəmə iclasında iştirak edən şəxs Zərərçəkmiş şəxs özü həmin ərazidə maşın saxlamaqla onun giriş çıxışına mane olurlar. Və bununla əlaqədar cərimə edilmişdir. Nəzərə alınması barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)-231/2023 nömrəli icra vərəqəsinə əsasən mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçi Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı kəndində yerləşən evinin yeganə çıxışı olan 3 m enindəki yolda avtomobil saxlayaraq, yola şəxsi əşyalar və tullantı materialları yığaraq, müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi, ərizəçinin və valideynlərinin sərbəst giriş-çıxışının məhdudlaşdırılmasına yönəlmiş bütün hərəkətlər cavabdehlər Şəxs, X5, X1 Samir Azad oğluna və onların evinə gələn digər şəxslərə qadağan edilməsi qərara alınmışdır; Abşeron Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)-231/2023 nömrəli icra vərəqəsi üzrə 25 iyun 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir; Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının iştirakı ilə 25 iyun 2023-cü il tarixdə akt qəbul edilərək, cavabdehlərə müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi qadağan edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, təqdim olunmuş DVD disklərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)- 231/2023 nömrəli icra vərəqəsi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmişdir. Belə ki, borclu icra sənədində həmin ərazidə maşın saxlanmasının ona qadağan edilməsinə məhəl qoymayaraq, avtomobilin tələbkarın giriş-çıxışını məhdudlaşdırmadığını qeyd etməklə özünü təqsirsiz hesab etmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar