Məhkəmə qərarları › İş №3(012)-2366/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2366/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2366/2024 15.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Dövlət X5 YNH baş inspektoru X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə ünvan 1ində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Abşeron Rayon Dövlət X5 YNH baş inspektoru X3 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** d.q.n-li avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində hərəkətdə olan zaman əks nəqliyyatın hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq “Changan” markalı **- CO-*** d.q.n-li avtomobillə toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini spirtli içki qəbul edərək idarə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Dövlət X5 YNH baş inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 noyabr 2024-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində manevr edən zaman qayda pozaraq “Changan” markalı avtomobillə toqquşmuşdur. Spirtli içki qəbul etdiyindən avtomobili idarə edən zaman spirtli içkinin təsiri altında idarə etmişdir.Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, ilk dəfə inzibati xəta törətdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, idarə etdiyi “Changan” markalı avtomobillə 06 noyabr 2024-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində hərəkətdə olan zaman “Opel” markalı avtomobil manevr qaydasını pozaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində ona 5898 manat məbləğində ziyan dəymişdir və vurulmuş ziyan Şəxs tərəfindən ödənilmədiyi üçün ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Asim Məmmədov çıxışında bildirdi ki, Şəxs səmimi peşmançılığını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** d.q.n-li avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində hərəkətdə olan zaman əks nəqliyyatın hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq “Changan” markalı **-CO-*** d.q.n-li avtomobillə toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini spirtli içki qəbul edərək idarə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. 06 noyabr 2024-cü il tarixdə, saat 18:41 dəqiqədə “Alcovisor Jupiter X” markalı alkotestr vasitəsilə Şəxs sərxoşluq dərəcəsi ölüçülən zaman müəyyən olunmuşdur ki, 6.206 % miqdarında alkoqol sərxoşluğu vəziyyətində avtomobil idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, Şəxs təqsiri nəticəsində zərərçəkmiş şəxsin avtomobilinə təqdim olunmuş təmir aktına əsasən 5898 manat ziyan dəyməsi müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar