Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2422/2025 10.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs (hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 14; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 14 ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs ünvanına göndərilmiş 03 sentyabr 2025-ci il tarixli, 3-23/2-5292/2025 nömrəli bildirişdən görünür ki, cəmiyyət tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 18 sentyabr 2025-ci il tarixdə, saat 11:55-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılması və səlahiyyətli nümayəndənin iştirakını təmin etməyi barədə xəbərdarlıq olunmuşdur.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs ünvanına göndərilmiş 18 sentyabr 2025-ci il tarixli, 3-23/2-6194/2025 nömrəli məktubdan görünür ki, cəmiyyət tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə törədilmiş inzibati xəta haqqında tərtib edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun Surəti göndərilmişdir;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli, 3-21/2-1/2-462/2025 nömrəli məktubu ilə 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə siyahı formasında məlumat təqdim edilmiş və bu siyahıda (17-ci bənd) Şəxs MMC də əks olunmuşdur;
Məhkəmə inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydalar kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına (bundan sonra – kommersiya təşkilatları) şamil edilir; Həmin qaydaların 2-ci bəndində qeyd edilmişdir ki, Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir: maliyyə vəziyyəti haqqında hesabat; mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat; kapitalda dəyişikliklər haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat; əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər. Qaydaların 3-cü bəndində qeyd edilmişdir ki, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, kredit büroları və poçt rabitəsinin milli operatoru bu Qaydaların 3.1-ci bəndində müəyyən edilən müddətlərdə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər. Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir; 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş müddət artıq başa çatmışdır. Belə ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin təqsirli bilindiyi əməlin törədilmə vaxtı ümumi olaraq 2024-cü il kimi göstərilmiş və qeyd edilən xəta haqqında protokol isə 18 sentyabr 2025-ci il tarixdə tərtib edilmişdir. Halbuki, qanunvericiliyə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Belə olan halda illik maliyyə hesabatlarının təqdim edilmə gününün ən geci iyun ayının 30-u olması, həmçinin məcburi auditin də illik maliyyə hesabatlarının təqdim edilmə gününədək keçirilməli olması nəzərə alınarsa inzibati xətanın ən geci 2024-cü ilin 30 iyun tarixində törədilmiş olması müəyyən edilir. 10 sentyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilərkən isə yuxarıda qeyd edilən ən geci 01 (bir) illik müddət ötürülmüş olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi sübut olunsa da, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov