Məhkəmə qərarları › İş №3(012)-2427/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2427/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2427/2020 24.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin Qobu PB-in sahə inspektoru X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon X4 PBdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, İ.Salmaanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı Kamaz markalı 490 manat dəyərində akkumulyatoru gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin Qobu PB-in sahə inspektoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə gecə saatlarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, İ.Salmaanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı ona məxsus Kamaz markalı 490 manat dəyərində akkumulyatoru oğurlanması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsinin TŞ-də araşdırma aparılmış, qeyd olunan oğurluğun Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi, ev 39-da yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin TŞnin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Şəxs yeri müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Şəxs İTŞ-yə təqdim olunduğundan xx.xx.2020-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluğu özü törətmişdir. Buna səbəb pula ehtiyacı olması olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 002108 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar