Məhkəmə qərarları › İş №3(012)-243/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-243/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-243/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXM seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində zərərçəkmişə maddi ziyan vurulması ilə bağlı qeyd aparılmamışdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə protokol tərtib edilsə də, iş materiallarına onun zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurmasına dair hər hansı sənəd (ziyan aktı, mütəxəssis rəyi və s.) əlavə edilməmişdir. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək; tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən törədilən inzibati xətanın sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq Şəxs müdafiə hüququ pozularaq ona fəaliyyət göstərən vəkillərin siyahısını təqdim olunmamış, həmin siyahıda bu barədə Şəxs tərəfindən müvafiq qeyd aparılmamış, “inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsin müdafiəçidən imtina etməsi haqqında” protokol iş materiallarına əlavə edilməmişdir. Həmçinin, şəxsin sərxoş olduğu göstərilsə də, bununla bağlı sərxoşluq rəyi iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırki inzibati xəta haqqında materiala təxirə salınmadan, yəni dərhal baxılmalıdır. Lakin məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar