Məhkəmə qərarları › İş №3(012)-2430/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2430/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2430/2023 27.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 27 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Emin Rəhimov izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünəməxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, xoşagəlməz sözlər işlətmişdir.Lakin hər hansı bir şəxsi təhqir etməmiş, birbaşa kiminse ünvanına təhqiredici bir söz deməmişdir. Belə ki, həmin tarixdə atası Rahim Abdullayev YPX əməkdaşları tərəfindən saxlanılmış və buraxılması üçün ondan pul tələb edilmişdir. O, bu halı eşitdikdə əsəbələrini cilovlaya bilməyib, atasının buraxılması üçün 102 Xidmətinə zəng etmişdir. Həmin vaxt atasının vəziyyətindən narahat olduğu üçün özündən asılı olmayaraq telefonla danışarkən etik qaydalara uyğun olmayan sözlərdən istifadə etmişdir. O, telefon zəngini bitirdikdən sonra dedikləri sözlərdən peşman olmuşdur. O, polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmək fikrində olmadığını bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə, ***-***-**- ** saylı mobil nömrəsi vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək operator ilə danışdığı zaman əsəbiləşdiyi üçün kobud ifadələr işlətsə də, işin faktiki hallarından və qanunvericiliyin tələbindən görünür ki, sonuncunun əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edilməsi halları mövcud deyil. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə məhkəmə iclasında protokola əlavə edilmiş səs yazısına baxış keçirilərək, ictimai qaydanı pozan hərəkətlərin müəyyən olunmadığı aşkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunduğunu, sonuncunun ictimai qaydanı pozmasının nədə ifadə olunmasının göstərilmədiyini və raportda göstərilən halları təsdiq edən heç bir sübutun iş materiallarına əlavə edilmədyini qeyd edərək, sonuncunun barəsində tərtib olunmuş inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar