Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2433/2020 28.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babayev Habil Vəkil oğlunun və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, Babayev Habil Vəkil oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Babayev Habil Vəkil oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Babayev Habil Vəkil oğlu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Babayev Habil Vəkil oğlu Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olması polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Babayev Habil Vəkil oğlu Abşeron Rayon Polis İdarəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev Habil Vəkil oğlu qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Babayev Habil Vəkil oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Babayev Habil Vəkil oğlunun səmimi peşmançılığı Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məhkəmə hesab edir ki, Babayev Habil Vəkil oğluna inzibati xətanın predmeti olan əşyalar müsadirə olunmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Babayev Habil Vəkil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki mallar müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı Şəhər Suraxanı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2433/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2433/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver