Məhkəmə qərarları › İş №3(012)-2441/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2441/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2441/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxx 1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş 01 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-108/2025 saylı 19 fevral 2025-ci il tarixli icra sənədinə əsasən 23 yanvar 2025-ci ildən başlayaraq cavabdeh Şəxs 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhləməsinin 2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qeyd olunan icra sənədi üzrə borc 3776 manat təşkil edir. Müəyyən aylarda ödənişlər etmişdir. Lakin uzun müddətdir ki, ödənişlər etməmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, əvvəllər mütəmadi olaraq ödənişlər etmişdir. Aprel ayına kimi əvvəlki icra sənədi üzrə ödənişlərini etmiş, həmin icra sənədi üzrə cəmi 300 manat borcu qalmış, lakin sonradan heç yerə işləməməsinə baxmayaraq alimentin məbləği 472 manat məbləğində müəyyən edilmişdir. Hazırda borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində Zərərçəkmiş şəxs Şəxs hər ay 1000 manat ödəyəcəyi təqdirdə onunla razılaşacağını, uzun müddətdir ki, ödəniş etmədiyini bildirərək onun barəsində inzibati tənbeh tədbiri tətiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-108/2025 saylı 19 fevral 2025-ci il tarixli icra sənədinə əsasən 23 yanvar 2025-ci ildən başlayaraq cavabdeh Şəxs 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhləməsinin 2(060)-5986/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. 15 may 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 oktyabr 2025-ci il, saat 16:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar