Məhkəmə qərarları › İş №3(012)-248/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-248/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-248/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, SOCAR İB Azəriqaz qəza xidmətində çilingər işləyən, ünvan 1 ünvanda yaşayan, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m 7-ci küçə dalan 2, ev 9 ünvanında, keçmiş qaynanasının onların yaşadığı evə gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əlləri ilə qəsdən vuraraq, sonunculara sağlamlığa zərərvurmayan xəsarət yetirməklə onlara qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 2-da yaşayan Əliyeva X8 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə keçmiş əri Şəxs tərəfindən özünün və anası Ziyafətin döyülməsi barədə məlumat vermiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən X6 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və X10 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 özünü protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs1 ilə 2005-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından 1 övladları dünyaya gəlmişdir. Aralarında baş vermiş münaqişələr səbəbindən 2024-cü ilin oktyabr ayında rəsmi qaydada ayrılmışdır. Lakin Xəyalə hələ də onun evində yaşamağa davam etmiş, ayrı-ayrı otaqlarda yaşamış, heç br ünsiyyətləri, münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə o, evə gələndə Xəyalənin anası Ziyafətin də evdə olduğunu görmüşdür. O, bir müddət əvvəl heç bir qohumluq əlaqələrinin olmaması səbəbindən Ziyafətin onlara gəlməməsini demişdir. Bundan sonra o, Ziyafətə yaxınlaşıb evində onu görmək istəmədiyini demişdir. Bu zaman onlar hər ikisi ucadan nalayiq ifadələr işlədib onu evdən çıxarmağa çalışmış, hər ikisi üstünə gəlib onu evdən qovmaq istəmişdirlər. O, Xəyalənin və Ziyafətin onun üstünə gəldikləri üçün hərəsini bir yana çəkmiş, ondan çəkmədikləri üçün evdə olan başmaqla hər iksinin başına vurub evdən çıxartmış, evdən çıxararkən hər iksinin qolundan və əlindən tutmuş, həmin vaxt onların xəsarət alacaqlarını güman etmişdir. O, hər ikisini evdən çıxardıqdan sonra qapını bağlamışdır. Onların səsinə qonşular da gəlmişdir. Sonradan Xəyalənin DİN-in 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Riyad Əliyevlə 2005-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından 1 övladları vardır. Onlar evləndikləri gündən aralarında ailə miinqaişələri baş vermişdir. Riyad spirtli içkilər qəbul edərək evdə münaqişə yaratmışdı. Buna görə də onlar 2024-cii il tarixdə rəsmi olaraq ayrılmış, lakin yaşayış yeri olmadığından Riyadla birlikdə eyni evdə yaşamağa davam etmişdir. Buna baxmayaraq Riyad yenə də spirtli içkilər içib onunla münaqişələr edir, ünvanına nalayiq söyüşlər söyüb təhqir edir və onu əxlaqsızlıqda günahlandırmışdır. xx.xx.2024-cü il tarixdə anası Ziyafət onlara qonaq gəlmişdir. Həmin gün gecə saatlarında Riyad yenə spirtli içki qəbul edib evə gəlmiş, onunla və anası ilə heç bir əsaslı səbəb olmadan münaqişə etməyə və onu döyməyə başlamışdır. Baş vermiş dava-dalaş zamanı Riyad onun sağ qolundan, sifətindən, sol əlinin üstündən, vuraraq və saçından tutub yerdə sürüyərək onu döymüşdür. Baş vermiş münaqişə zamanı Riyad anası Ziyafətində bədəninin müxtəlif nahiyyələrindən vuraraq xəsarətlər yetirmişdir. Buna görə də o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Baş vermiş mübahisə 15-20 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxlsər olmamışdır. O, X5 şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 izahatına oxşar məzmunlu izahat verərək, Riyad Əliyevin evdə olarkən heçnədən mübahisə etdiyini, mübahisə zamanı onu və qızını döydüyünü təsdiqləyərək, X5 şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili Nümayəndə hüquqlarını müdafiə etdiyi şəxsin yaşını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə X6 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərvurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2025-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər -sağ dirsək oynağı nahiyyəsinin sıyrığı, sağ bud və sol diz oynağı nahiyələrinin qançırları küt əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2025-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər -sol yanaq, sol diz oynağı nahiyələrinin sıyrıqları, sol süd vəzisinin, sağ baldır nahiyələrinin qançırları küt əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, X10 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X6 şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil Nümayəndə müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar