Məhkəmə qərarları › İş №3(012)-2492/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2492/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2492/2025 08.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Zəngilan rayonu, Zəngilan şəhərində qeydiyyatda olan,Abşeron rayonu Masazır qəsəbəsi,Zəngilan şəhərciyi ev 27, mənzil 40-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat Abşeron rayonu, Masazır kəndi ərazisində Zərərçəkmiş şəxs və X7 ilə mübahisə edərkən ictimai asayişi pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, onun heç kəslə mübahisəsi olmamışdır, həmçinin taksi sürücülərinin heç birinin təhqiqat zamanı ondan şikayəti olmamışdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şahinlə onların arasında mübahisə yaranmış bu zaman Zakir onları aralamaq üçün onu itələmişdir. Nalayiq ifadələri isə Şəxs deyil, qeyrilərinin işlətdiyini, Şəxs heç bir şikayəti olmadığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən əməli törətmədiyini, zərərçəkmişlərin Şəxs heç bir şikayəti olmadığını nəzərə alaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq olunmuş: Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında Bolt taksi xidmətində işlədiyini, 04.10 2025-ci il tarixdə "Şamaxinka" adlanan ərazidən 4 nəfər şəxsin idarə etdiyi avtomobilə əyləşdiyini, onların Xırdalan dairəsinə getdiklərini, lakin yolda qərarlarını dəyişib Masazır qəsəbəsinə xəngəl yemək üçün getdiklərini yolda olarkən həmin şəxslərin avtomobildə qeyri-etik danışdıqlarını, şəxsi əşyalarına toxunduqlarını, onun xoşuna gəlmədiyini, bir neçə dəfə onlara bu barədə irad tutduğunu, lakin onların hərəkətlərinə son vermədiyini, sonuncu dəfə avtomobildə öndə əyləşən şəxsin siqaret çəkmək istədiyini, buna icazə vermədiyini, beləcə mübahisə olduğunu əvvəl sözlə mübahisə olsa da sonradan hamin şəxslərin düşüb ona xəsarət yetirdiklərini bildirmişdir Araşdırma zamanı X7 izahatında Bolt taksi xidmətində işlədiyini, xx.xx.2025-ci il tarixdə Masazır qəsəbəsi Qurtuluş 93 yk-dən Könül adlı şəxsin sifarişi ilə dörd nəfər şəxs götürdüyünü, onlardan ikisinin qız ikisinin oğlan olduğunu, yolda olarkən restoran sahibin onlara zəng edərək ödənişi etmədiklərini və taksi sürücüsünün də onları qaçırmasını dediyini, ona göğrə də avtomobili geriyə yəni restorana sürdüyünü bunu görən mü ştərilərin onula m mübahisə etdiyini 3 nəfər şəxsin düşündüyünü, lakin bir nəfər sıxsın içkili olduğu üçün arxa oturacaqda olduğunu, onu düşərkən digərlərinin onunla mübahisə etməyə başladığını, şəxslərin ucadan söyüş söydüyünü və qızlardan birinin onu vurduğunu bildirmişdir Araşdırma zamanı X4 izahatında Şahın adlı şəxsi uzun müddətdir tanıdığını, Arzu və Könülü isə hadisə baş verən gün gördüyünü, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Şahinlə Bakı şəhərində 20 Yanvar adlanan yerdə görüşduyünü səhərə kimi restoranda əyləşdiklərini, sonradan Könül və Arzunun da gəldiyini təxminən saat 07 radələrində birlikdə Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 ylk-də yerləşən restorana getdiklərini, yolda olarkən tasi sürücüsü ilə mübahisə etdiklərini, lakin heç kimi vurmadığını, daha sonra restorandan çıxanda başqa bir taksi çağırdıqlarını həmin sürücü ilə də mübahisə etdiklərini o spirtli içkinin təsiri altında olduğunu, nə olduğunu bilmədiyini, lakin həmin sürucu ilə də mübahisə etdiklərini və sonradan evə getdklərini, lakin heç kimə xəsarət yetirmədiyini bildirmişdir. Araşdırma zamanı X5 barəsində edilən müraciətlərlə tanıs olduğunu, barəsində muraciət edən şəxsləri tanımadığını, xx.xx.2025-ci il tarixdə axşam saatlarında bibisi qızı ilə birlikdə olarkən onun tanışı Şahinin onları qonaq çağırdığını beləca Könüllə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Şamaxinka" adlanan yerda olan kafeyə getdiklərini, bir neçə saat orada oturduqlarını, getdikdə Şahinin yanında dost Zakirin də olduğunu gördüyünü beləcə bir neçə saat oturduqdan sonra artıq səhər saatlarında Zakirin xəngəl yeməyi təklif etdiyini beləcə Könul "Bolt taksi xidmətinə sifariş yolda olarkən Zakir siqaret çəkmək istədiyini dedıyını, sürücünün icazə vermədiyini sonra isə etdiyini və taksi gəldiyini, dördünün də avtomobilə əyləşib Masazır qəsəbəsinə getdiklərini, sərnişin oturacağında əyləşən Şahin də siqaret çəkmək istədiyini, sürücü ona da icazə vermədiyini beləcə sözü kobud dediyi üçün aralarında mübahisə olduğunu, sonra avtomobili saxladıqlarını və yerə düşdüklərini taksi sürücüsü Könülə qarşı nalayiq ifadə işlətdi və Könül də əsəbiləşib ona şillə ilə vurduğunu, onları ayırdıqlarını və başqa avtomobilə əyləşib getdiklərini, Qurtuluş 93 yk-də yerləşən kafedə oturduqlarını, yemək yediklərini və çıxıb evə getmək istədiklərini, bu zaman Şahinin taksi sifariş etdiyini, avtomobilə əyləşdiyini, yenə Şahın on oturacaqda oturduğunu, bir az getdikdən sonra restoran sahibi Zakirə zəng etdiyini və aralarında ödənişə görə mübahisə olduğunu taksi sürücüsünün onları qaçırdığını dediyini ona görə də sürücü avtomobili döndərib geri qayıtmaq istədiyini və aralarında buna görə mübahisə olduğunu, avtomobildən endiklərini, Zakir spirtli içkının təsiri altında olduğundan avtomobildə əyləşdiyini, sürücünün onu avtomobildən endirməyə çalışdığını, beləcə aralarında mübahisə olduğunu, Zakirlə sürücünü ayırmaq istədikdə o sol qolundan tutub araladıqda əsəbiləşib sürücünun sifətindən əlilə vurduğunu, sonra isə taksi sürücusünün avtomobilə əyləşib getdiyini, başqa taksi sifariş edib getdiklərini bildirmişdir. Araşdırma zamanı X8 izahatında yuxarıda X1 izahatında qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələr uygun olmalıdır. Məhkəmə, hesab edir ki, bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayışlarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin həddləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgə yaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası - konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həm də ki, qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai- təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: - hüquq pozuntusunun obyekti; və hüquq pozuntusunun obyektiv tərəfi; - hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi - bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 44 (qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar